Azərbaycandan Türkiyəyə yatırım etmək sərfəli olacaq - AÇIQLAMA

Azərbaycandan Türkiyəyə yatırım etmək sərfəli olacaq - AÇIQLAMA
17:10

Türkiyə şirkətlərinin səhmlərinə investisiya imkanlarının yaradılması istiqamətində də iş aparılır. 

News365.az xəbər verir ki, bu barədə ABB Invest-in 2025-ci ilin yekunu üzrə maliyyə göstəricilərinə dair mətbuat konfransında ABB Invest-in İcraçı direktoru Nadir Babazadə məlumat verib.

O bildirib ki, hazırda Azərbaycan investorlarının Türkiyədə ticarət olunan istiqrazlara investisiya etməsi mümkündür və bu proses xüsusi infrastruktur üzərindən həyata keçirilir:

“Bunun üçün Türkiyədə fəaliyyət göstərən investisiya şirkətləri və brokerlərlə danışıqlar davam edir. Türkiyə qanunvericiliyi kifayət qədər sərtdir. Xüsusilə xarici investorların səhm bazarına çıxışı ilə bağlı müəyyən məhdudiyyətlər və çətinliklər mövcuddur. Amma ilin sonuna qədər Türkiyədə ticarət olunan investisiya fondlarına çıxışın təmin olunması istiqamətində çalışırıq”, - deyə o qeyd edib.

Vergi məsələlərinə də toxunan icraçı direktor bildirib ki, ABŞ bazarında istiqraz kuponları və səhmlər üzrə dividendlərdən avtomatik olaraq 30 faiz vergi tutulur və investorlara qalan məbləğ ödənilir. 

“Lakin qiymətli kağızların satışından əldə olunan gəlirlər üzrə vergi investorun şəxsi məsuliyyəti hesab olunur”.

Onun sözlərinə görə, Azərbaycanda da oxşar yanaşma tətbiq edilir:

“Bakı Fond Birjasının qeydiyyatında olan şirkətlərin dividendləri hazırda vergidən azaddır. ABB səhmləri üzrə dividendlərdən də vergi tutulmur”.

Şirkət nümayəndəsi vurğulayıb ki, investisiya şirkətləri vergi agenti hesab olunmur və investorların kapital gəlirləri üzrə vergi öhdəliklərini tənzimləmirlər:

“Kapital gəlirlərinin hansı formada vergiyə cəlb olunması daha çox vergi orqanlarının səlahiyyətinə aid məsələdir”.

N.Babazadə onu da əlavə edib ki, ABB-nin IPO-su zamanı iştirakçıların təxminən 25-30 faizini qadınlar təşkil edib:

“Təkrar bazarda bu statistikanın dəqiq ölçülməsi çətindir. Çünki səhmlər davamlı şəkildə əl dəyişir. Amma qadın investorların marağı və müraciətləri müşahidə olunur”, - deyə bank rəsmisi fikrini tamamlayıb.


Sizin reklam burada
Sizin reklam burada