“İran 12 günlük müharibədən sonra özünü qalib elan etməyə çalışır” - Politoloqdan şərh

“İran 12 günlük müharibədən sonra özünü qalib elan etməyə çalışır” - Politoloqdan şərh
09 İyl 2025 16:04

12 gün davam edən və İsrailin ABŞ-ın dəstəyi ilə iştirak etdiyi İranla müharibə heç bir rəsmi sənəd imzalanmadan, qeyri-müəyyən bir atəşkəslə başa çatıb.

Bu barədə politoloq Taleh Əliyev “News365.az”a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, atəşkəsin rəsmi sənədlə təsdiqlənməməsi tərəflər arasında vəziyyətin hələ də gərgin olaraq qalmasından xəbər verir:

“Əgər diqqət etsək, ABŞ Prezidenti Donald Tramp da, İsrailin Baş naziri Benyamin Netanyahu da münaqişədən sonra İranın atacağı növbəti addımlara xüsusi önəm verirlər. Donald Tramp son açıqlamasında sanksiyaların ləğvi üçün İranın ‘ABŞ-a ölüm’, ‘İsrailə ölüm’ kimi şüarlardan əl çəkməsinin vacib olduğunu vurğulayıb”.

Politoloq əlavə edib ki, İran 12 günlük müharibədən sonra özünü qalib elan etməkdən belə çəkinməyib:
“Bu, faktiki olaraq ciddi itkilər verən və daxili siyasi-psixoloji təzyiqlərlə üzləşən bir rejimin öz ictimaiyyətini baş verənlərin əsl mahiyyətindən yayındırmaq cəhdidir. İran daha əvvəl də real nəticəsi olmayan, simvolik hücumlardan sonra eyni ritorika ilə çıxış edib. Bu, xüsusilə İsrailə qarşı endirilən dron və aviasiya zərbələrindən sonra verilən açıqlamalarda müşahidə olunurdu”.

Taleh Əliyevin fikrincə, bu müharibənin görünən sonu olsa da, bölgədə gərginliyin tam aradan qalxması hələlik mümkün deyil.


Sizin reklam burada
Sizin reklam burada