Sosial media platforması "İnstaqram" yeni bir funksiyanı test etməyə başlayıb.
News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Meta-ya məxsus platforma istifadəçilərə bəzi şərhləri bəyənmədiklərini və ya uyğun hesab etmədiklərini göstərməyə imkan verən "bəyənməmə" (dislike) düyməsini sınaqdan keçirir.
"Dislike" düyməsi necə işləyəcək?
İnstaqramın rəhbəri Adam Mosseri, bu funksiyanın hələlik test mərhələsində olduğunu və dislike saylarının hamıya açıq olmayacağını bildirib. Yəni, istifadəçilər Reels və Feed paylaşımlarının altındakı şərhlərə dislike verə biləcək, lakin neçə nəfərin bu reaksiyanı seçdiyi görünməyəcək.
Meta şirkəti bu yeniliyin əsas məqsədinin pis niyyətli və uyğun olmayan şərhlərin ön plana çıxmasının qarşısını almaq olduğunu açıqlayıb. Şirkət rəsmisi bildirib ki:
"İstifadəçilərin gördükləri məzmuna daha çox nəzarət etməsinə imkan yaratmaq üçün yeni yollar üzərində işləyirik. Dislike düyməsi istifadəçilərə müəyyən şərhləri uyğun hesab etmədiklərini bildirmək imkanı verəcək."
İnstaqram bu funksiyanın istifadəsi zamanı heç kimin hansı şərhin dislike aldığını görə bilməyəcəyini vurğulayır. Yeniliyin əsas məqsədi istifadəçilərin daha təhlükəsiz şəkildə platformadan yararlanmasını təmin etmək və neqativ şərhlərin ön plana çıxmasının qarşısını almaqdır.