Azərbaycan Türk dünyası üçün niyə strateji əhəmiyyət daşıyır? - AÇIQLAMA

Azərbaycan Türk dünyası üçün niyə strateji əhəmiyyət daşıyır? - AÇIQLAMA
16:59

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və hərbi-siyasi müttəfiqlik münasibətləri təbii əsaslara söykəndiyindən bu əlaqələrin pozulması real görünmür.

TV365 kanalının qonağı olan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi dünyada nadir rast gəlinən təbii tərəfdaşlıq nümunələrindəndir.

Onun sözlərinə görə, bəzi ölkələr müttəfiqlik münasibətləri qurmaq üçün ortaq maraqlar axtarır, bunun üçün qarşılıqlı güzəştlərə getməli olurlar. Hətta Rusiya ilə Belarus arasındakı münasibətlərdə də zaman-zaman maraq fərqləri üzə çıxır.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr isə həm tarixi köklərə, həm də müasir geosiyasi reallıqlara əsaslanır. Hər iki ölkənin maraqları bir çox məsələdə təbii şəkildə üst-üstə düşür və bu münasibətlərin inkişafı üçün xüsusi təbliğata ehtiyac yoxdur.

İqtisadçı Türk Dövlətləri Təşkilatının güclənməsinin həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında mühüm siyasi və strateji körpü rolunu oynayır.

Cəfərlinin fikrincə, Mərkəzi Asiya dövlətlərində Türkiyəyə münasibətdə müəyyən ehtiyatlı yanaşmalar da mövcuddur. Bunun səbəblərindən biri keçmiş imperiyalarla bağlı tarixi təcrübə və yeni bir güc mərkəzindən asılı vəziyyətə düşmək narahatlığıdır.

İqtisadçı hesab edir ki, Azərbaycan bu baxımdan mühüm nümunədir. Ölkənin güclənməsi, ordusunun inkişafı və ərazi bütövlüyünü qoruması müstəqil dövlət kimi öz mövqeyini möhkəmləndirməsinin göstəricisidir.

Onun qənaətinə görə, Azərbaycan-Türkiyə münasibətləri yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə Türk dünyasının siyasi və strateji əməkdaşlığının inkişafına xidmət edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada