Azərbaycanlı itkin düşmüş şəxslərin ailə üzvləri ilk dəfə Avropa Birliyinin (AB) Xarici Fəaliyyət Xidmətində qəbul olunublar.
News365.az xəbər verir ki, oktyabrın 21-də Brüsseldə keçirilən görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzvləri Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali ilə görüşüblər.
Təxminən bir saat davam edən görüşdə itkin ailələri Ermənistanın münaqişədən sonrakı dövrdə də yaxınlarının taleyi barədə heç bir məlumat təqdim etmədiyini bildiriblər.
İctimai Birliyin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanında etiraz aksiyası keçirdiklərini və bəyanat qəbul etdiklərini diqqətə çatdırıb.
O vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyinə görə birbaşa məsuliyyət daşıyır və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməlidir.
Könül Behbudova işğaldan azad edilmiş Azərbaycan ərazilərində indiyədək 32 kütləvi məzarlığın aşkarlandığını bildirərək, bunu böyük humanitar faciənin yalnız bir hissəsi kimi qiymətləndirib.
Görüşdə, həmçinin oktyabrın 21-də Brüsselin mərkəzi Şuman meydanında azərbaycanlı itkin ailələrinin növbəti aksiyasının keçirildiyi qeyd olunub.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin nümayəndələri yaxınlarının taleyinə aydınlıq gətirilənədək etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.