Türkiyənin siyasi həyatında millətçi qüvvələrin rolu təkcə ideoloji müzakirələrlə məhdudlaşmır. Bu partiyaların seçici dəstəyi hakimiyyətin taleyinə birbaşa təsir edə biləcək gücə malikdir.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, millətçilik anlayışını ekstremizmlə eyniləşdirmək düzgün deyil. Onun fikrincə, vətəndaş millətçiliyi dövlət maraqlarını və ölkədə yaşayan bütün insanların rifahını əsas götürür.
TV365 kanalının qonağı olan iqtisadçı bildirib ki, uzun illər ərzində Avropada millətçi partiyaların faşist və radikal qüvvələr kimi təqdim edilməsi yanlış yanaşmadır.
Onun sözlərinə görə, millətçilik müxtəlif formalarda təzahür edə bilər və vətəndaş millətçiliyi ekstremist ideologiyadan fərqlənir.
“Mən vətəndaş millətçiliyinin tərəfdarıyam. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri xoşbəxt və yaxşı yaşamalıdırlar. Vətəndaşımın rifahı əsas məsələdir. Bu, vətəndaşçılıqdır”, – deyə iqtisadçı vurğulayıb.
Cəfərli Türkiyədə millətçi siyasi qüvvələrin son dövrlərdə səsləndirdiyi mövqelərə də toxunub. O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı, İYİ Partiyanın rəhbərliyi və Zəfər Partiyasının mövqelərini bu kontekstdə dəyərləndirib.
İqtisadçı bildirib ki, Türkiyədə siyasi prosesləri düzgün anlamaq üçün ölkənin daxili siyasi münasibətlərini və hakimiyyətin formalaşma mexanizmini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, Türkiyədə hakimiyyət yalnız Ədalət və İnkişaf Partiyasından (AKP) ibarət deyil. 2016-cı ildən sonra formalaşan Cümhur İttifaqında MHP də mühüm siyasi mövqeyə sahibdir.
Cəfərli qeyd edib ki, MHP-nin seçkilərdəki səs payı nisbətən az olsa da, partiyanın dəstəyi hakim koalisiyanın nəticələrinə ciddi təsir göstərə bilər. O, millətçi elektoratın səslərinin AKP və müttəfiqlərinin seçki uğurunda mühüm rol oynadığını bildirib.
İqtisadçı Türkiyədə keçirilən prezident seçkilərini nümunə göstərərək xatırladıb ki, 2023-cü ildə Rəcəb Tayyib Ərdoğan ikinci turda təxminən 52 faiz, müxalifətin namizədi Kamal Kılıçdaroğlu isə 48 faiz səs toplayıb.
Onun qənaətinə görə, millətçi seçicilərin dəstəyi olmadan hakim koalisiyanın seçkilərdə uğur qazanması xeyli çətinləşə bilər. Cəfərli vurğulayıb ki, Türkiyənin siyasi mənzərəsini təhlil edərkən millətçi partiyaların seçici bazasını və parlamentdəki mövqelərini də nəzərə almaq vacibdir.