Uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxt, izlədikləri videolar və rəqəmsal mühitdə qarşılaşdıqları məzmun onların davranışlarına, psixoloji inkişafına və təhsilinə təsir göstərən amillərdəndir. Xüsusilə məktəb yaşlı uşaqların zərərli məzmunlardan qorunması, internetdən təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması son illərdə daha çox diqqət tələb edir. Bu baxımdan təhsil müəssisələrində sosial platformalara çıxışın məhdudlaşdırılması ilə bağlı qərarlar şagirdlərin təhlükəsizliyinin təmin edilməsi və tədris mühitinin qorunması baxımından müzakirə olunur.
Təhsil eksperti Elçin Əfəndi News365.az-a açıqlamasında məktəblərdə TikTok platformasına və zərərli məzmun daşıyan 200-dən çox görüntüyə çıxışın bloklanmasını müsbət addım kimi qiymətləndirib.
Ekspertin sözlərinə görə, bəzi şagirdlər sosial şəbəkələrdən məqsədyönlü istifadə etmək əvəzinə, vaxtlarını zərərli videoların izlənməsinə və bu cür məzmunların hazırlanmasına sərf edirlər. Bəzi hallarda isə internetdə gördükləri davranışları məktəb mühitində təkrarlamağa çalışırlar.
Elçin Əfəndi qeyd edib ki, sosial şəbəkələrdə yayılan aqressiv davranışlar, zorakılıq elementləri və mənfi təsir göstərən görüntülər uşaqların davranışlarına təsirsiz ötüşməyə bilər. Onun fikrincə, məktəblilərin bu cür məzmunlardan qorunması üçün məhdudlaşdırıcı tədbirlərin görülməsi əhəmiyyətlidir.
Ekspert bildirib ki, şagirdlərin internetdə qarşılaşdıqları təhlükələr təkcə sosial şəbəkələrlə məhdudlaşmır. Onlayn oyunlarda aqressiv davranışların təşviqi və uşaqların zərərli məzmunlara yönəlməsi də diqqətdə saxlanılmalıdır.
Elçin Əfəndi hesab edir ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında valideynlərin də üzərinə mühüm məsuliyyət düşür. Onun sözlərinə görə, valideynlər övladlarının istifadə etdiyi telefon və digər elektron cihazlarda mövcud olan nəzarət funksiyalarından yararlanaraq müəyyən platformalara və məzmuna çıxışı məhdudlaşdıra bilərlər.
Ekspert vurğulayıb ki, dövlət və təhsil müəssisələri tərəfindən görülən tədbirlərlə yanaşı, ailədaxili nəzarət də vacibdir. Valideynlər övladlarının internetdə hansı məzmunları izlədiyinə, kimlərlə ünsiyyət qurduğuna və vaxtını necə keçirdiyinə diqqət yetirməlidirlər.
Onun fikrincə, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini qorumaq üçün qadağalarla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Şagirdlərə internetdən düzgün istifadə qaydaları izah edilməli, onların maraqları təhsil, elm və faydalı fəaliyyətlərə yönəldilməlidir.
Ekspert zərərli məzmunlara bullinq, mobbinq, narkotik vasitələrlə bağlı görüntülər və cinayət hadisələrini əks etdirən materialların da daxil olduğunu xatırladıb. O, belə məzmunların uşaqların gündəlik həyatına mənfi təsir göstərə biləcəyini vurğulayaraq, şagirdlərin qorunmasında məktəb və ailənin birgə fəaliyyətinin vacibliyini qeyd edib.