Hörmətlə yaşanan ömür: Asim Qazıyevin şairlik yolu

Hörmətlə yaşanan ömür: Asim Qazıyevin şairlik yolu
02 Yan 2026 22:51

Şair ömrünün yüzüncü ili...

Həyatda kimsə müəllim, həkim, alim... doğulmur. İstedadlılar, istedadsızlar, bacarıqlılar, bacarıqsızlar, savadlılar, savadsızlar... olur.

Tək şairlər şair kimi doğulur. Şairlik fitri istedaddır, ucalıqdır, seçilmişlikdir,  həmişəyaşarlılıqdır. Bu il həmişəyaşar, seçilmiş insanlardan birinin-şair Asim Sevdalı Qazıyevin mənəvi yaşamının yüzüncü ilidir.

İnsanlığın zirvəsində qərar tutan, o zirvənin dəyərini bilən, insanlara haqq etdiyi dəyəri verən, hər zaman ləyaqətini qoruyan sadə insan, gözəl şair, unudulmaz müəllim, ləyaqətli vətəndaş Asim Qazıyevin.

A. Qazıyev 1926-cı il may ayının 10-da Samux rayonunda anadan olub. 1950-ci ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji institutunun (Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirb.

14 yaşından şeir yazmağa başlayıb.   “Mənim yurdum”adlı şeiri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub.  Tələbəlik illərində institutun Ədəbiyyat dərnəyinə rəhbərlik edib. Azərbaycan Yazışılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü olub.

Qabaqcıl maarif xadimi Asim Qazıyev məktəb direktoru, pedaqoq, şair, el ağsaqqalı kimi tanınıb, sevilib. Bərdə rayonunu Leninabad kəndində iki məktəb tikdirib. Şərəfli ömür yaşayan Asim Qazıyev  1999-cu il fevral ayının 19-da  vəfat edib.

Asim Sevdalının “Qələmin qüdrəti yaz, deyir mənə” adlı birinci kitabı 1996-cı ildə, “Xeyli sözüm var” adlı ikinci kitabı 2016-cı ildə, “Ürəkdən soruş” adlı üçüncü şeir kitabı isə 2018-ci ildə nəşr olunub. Şairin “Ürək o ürəkdir” adlı dördüncü kitabı isə bu günlərdə oxuculara təqdim olunacaq.

MƏNƏ BELƏ DEYİR

Mənə belə deyir hissim, düşüncəm;

Ya yaşama, ya da yaşa hörmətlə.

Öz gücünü, öz ağlını elə cəm,

Çörək yemə, su içmə sən minnətlə.


Yamanlığın arxasınca daş at sən,

El yolunda ver canını, baş at sən.

Öz əslini, öz nəslini yaşat sən,

Baban kimi, atan kimi şöhrətlə.


Halal axtar, şübhəli mal alma sən,

Haqqa düz ol, yada borclu qalma sən.

Dili gödək, gözü kölgə olma sən,

De sözünü, at addımı qüdrətlə.


Dönük olma, sən işıqlı yolla get,

Harda olsan yaxşıları soraq et.

Həqiqəti, ədaləti bayraq et,

Tanınarsan yenilməyən qüvvətlə.


Sən qulaq as saf vicdana, ürəyə,

Ələ əl ver, kürək söykə kürəyə.

Vəfalı ol məhəbbətə, çörəyə,

Öz süfrəni bəzə halal nemətlə.


Seçilərsən, namus-arın olarsa,

Anılarsan gözəl barın olarsa,

Yaxşı dostun, yaxşı yarın olarsa,

Keçməz ömrün heç bir zaman möhnətlə.


Əsirgəmə heç vaxt şirin söhbəti,

Həyatına yaraşıq bil ülfəti.

Oğlana ad-san gətirər hörməti,

Qız tanınar, qız seçilər ismətlə.


Canın olsun Vətən, ana, sevgili,

Xeyir-şərdə bayraq elə bal dili.

Öz ömrünə şərəflə yaz hər ili,

Hər işi qur, xalqa məxsus adətlə.


Köməyimdir öz əməyim, öz əlim,

İstəmişəm hər an üzü ağ qalım.

Bir az şair, bir az oldum müəllim,

Ömrüm boyu yaşamışam şərəflə.



Sizin reklam burada
Sizin reklam burada