6 il keçib, amma sosial mediada hələ də həvəskar səviyyədəyik

6 il keçib, amma sosial mediada hələ də həvəskar səviyyədəyik
10:10

Müasir dövrdə sosial media təkcə informasiya mübadiləsi platforması deyil, həm də ölkələrin beynəlxalq imicinin formalaşdırılması və milli maraqların müdafiəsi üçün mühüm vasitədir. Bu sahədə peşəkar fəaliyyətin əhəmiyyəti xüsusilə müharibə və böhran dövrlərində daha aydın görünür.

Lor həkimi Ramil Həmişli sosial medianın ölkənin beynəlxalq imicinin formalaşdırılmasında və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynadığını bildirib.

O, sosial medianın həm cəmiyyətə, həm də dövlətlərə təsir imkanlarına diqqət çəkərək, Azərbaycanın bu sahədə daha peşəkar fəaliyyətə ehtiyac duyduğunu vurğulayıb.

Həkim sosial şəbəkələrin əhəmiyyətinin xüsusilə 44 günlük Vətən müharibəsi zamanı aydın şəkildə üzə çıxdığını qeyd edib. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın haqq mübarizəsini beynəlxalq ictimaiyyətə çatdıracaq peşəkar sosial media komandasının olmaması ciddi çatışmazlıq idi.

Ramil Həmişli bildirib ki, müharibə zamanı ayrı-ayrı şəxslər və həvəskar qruplar öz imkanları daxilində Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırdılar. Bununla belə, qarşı tərəf uzun illər ərzində formalaşdırdığı təbliğat mexanizmləri və peşəkar fəaliyyəti ilə daha üstün mövqedə idi.

Həkim son hadisələrin Azərbaycanın sosial media sahəsində hələ də ciddi problemlərinin olduğunu göstərdiyini vurğulayıb.

“Aradan 6 il keçib, amma çox təəssüf ki, son hadisələr bir daha göstərdi ki, biz hələ də həvəskar səviyyədə qalmışıq. Ayılmaq və elmini öyrənmək zamanı gəlmədimi hələ?”, – deyə o bildirib.


Sizin reklam burada
Sizin reklam burada