Güləzi kəndində torpaq sürüşməsi hələ də davam edir.
News365.az xəbər verir ki, Quba rayonunun ucqar dağ kəndlərindən olan Güləzi yenidən torpaq sürüşməsi təhlükəsi ilə üz-üzə qalıb. 15 il əvvəl baş verən oxşar təbii hadisə bu günlərdə yenidən təkrarlanır.
Son günlər davam edən aramsız yağıntılar kəndin yamac hissəsində torpaq sürüşməsinə səbəb olub. Təxminən 65 metr uzunluğunda və 25 metr enində olan ərazidə torpaq çöküb. Sürüşmə nəticəsində bir neçə sakinə məxsus həyət və yardımçı tikililər torpaq altında qalıb. Həmçinin ərazidə yerləşən yeganə təhsil müəssisəsinə aparan yol tamamilə bağlanıb. Bu yoldan yalnız Güləzi kəndinin deyil, ətraf kəndlərin sakinləri də istifadə edirdi.
Hazırda əraziyə texnika cəlb olunub və yolun təmizlənməsi istiqamətində işlər aparılır. Məlumata görə, Güləzi kəndində sonuncu dəfə torpaq sürüşməsi 2010-cu ildə qeydə alınıb. Hazırda sürüşmə prosesi aktiv fazada davam edir.
Kənd sakini Əli Məmmədov vəziyyətin yağıntılarla əlaqədar yarandığını bildirib:
"Qar, yağış intensiv oldu deyə, torpaq sudan doydu və sürüşmə baş verdi. Yol tamamilə tutulub, məktəbə gediş-gəliş dayanıb. Belə davam etsə, vəziyyət daha da ağırlaşacaq."
Digər sakin Gülzar Vəliyeva isə narahatlığını belə ifadə edib:
"Burada yaşamaq qorxuludur, vallah. Əgər sürüşmə bir az da aktivləşsə, evlərimizə qədər gəlib çıxacaq."
Əraziyə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Quba Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri tərəfindən baxış keçirilib. 11 saylı Yol İstismarı MMC-nin texnikaları da çətinliyin aradan qaldırılması üçün işə cəlb olunub.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Səbuhi Cəfərov bildirib ki, məktəbə gedən yolun açılması istiqamətində tədbirlər davam etdirilir:
"Gediş-gəliş üçün hələlik ciddi problem yoxdur. Lakin ərazi tam nəzarət altındadır və vəziyyətin ağırlaşması halında operativ müdaxilə ediləcək."
Qeyd edək ki, Güləzi kəndi Quba rayonunda aktiv torpaq sürüşməsi zonalarından biri hesab olunur. 2010-cu ildə baş verən sürüşmə nəticəsində bir neçə ev tamamilə yararsız hala düşmüş, bir qrup sakin isə Aşağı Atuc kəndində salınmış yeni yaşayış massivinə köçürülmüşdü. Hazırda kənddə 25 evdə yaşayış mövcuddur.