“Paşinyan həmin müqaviləni geri qaytarmaq istəyir” - Britaniyalı tarixçi

“Paşinyan həmin müqaviləni geri qaytarmaq istəyir” - Britaniyalı tarixçi
13:44

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, ermənilərdə türklərlə bağlı yanlış qənaəti KQB formalaşdırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə KQB-nin yalnız 1954-cü ildə, Osmanlı İmperiyasında “erməni soyqırımı”ndan təxminən 40 il sonra yaradıldığını xatırladıb və bu cür ittihamların əsassız olduğunu deyib.

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş Globalinfo.az-a müsahibəsində deyib ki, Paşinyanın arqumentində müəyyən həqiqət payı var, amma bu, bütün həqiqəti əks etdirmir.

– Erməni-Azərbaycan düşmənçiliyi Rusiya tərəfindən Çar dövründən bəri dövlət maraqlarını təmin etmək naminə işlənib hazırlanmışdı. Bəs əsl həqiqət nədən ibarətdir? Bu, 19-cu əsrdə müstəmləkəçilik dövründən qalma rus ekspansionist ambisiyaları ilə ermənilərin birgə səyləri idi. Sovet dövründə Moskva Ermənistan və Azərbaycan arasında daha mehriban sosialist qardaşlıq münasibətləri inkişaf etdirməkdə maraqlı idi və buna şübhəsiz ki, nail olmuşdu. Lakin son dövrlərdə, xüsusən də Qorbaçovun katibliyi dövründə KQB Kommunist Partiyası strukturlarının dağıdıldığı vəziyyətə nəzarəti ələ keçirdi. KQB-nin çox güman ki, Sumqayıt hadisələrinə və digər qaranlıq hadisələrə təsiri olub. Bütün bunları deməklə Paşinyan Qərbə yönəlmiş mövqeyini və Vaşinqtonun onu daxildəki rəqiblərindən qoruması istəyini ört-basdır etmək üçün hər şeydə Rusiyanı günahlandırmaq siyasətini yeridir. O, tarixlə siyasət oynayır. Zaxarova Rusiya təhlükəsizlik xidmətinin fəaliyyətinin və Osmanlıların 1915-ci ildə bir dövlətə hökmranlıq etdiklərini, azərbaycanlıların isə Rusiya dövləti tərkibində yaşadığını unudaraq, qeyri-səmimi cavab verib. O zaman 1915-ci il hadisələri ilə ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyi arasında irqi və dini deyilsə, başqa hansı əlaqə var ki?

– Cənab Uolş, Ermənistanın viza və möhürlərindən Ağrı dağının təsviri götürülüb. Baş nazir Nikol Paşinyanın tapşırığı ilə verilən bu qərar Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesində Ankaraya jest kimi dəyərləndirilir. Bu addımı necə qiymətləndirirsiniz?

– Güman edirəm ki, Paşinyan Rusiyadan qurtulmaq və Avropaya doğru meyillənmək üçün Türkiyəyə ehtiyacı olduğunu anlayır. Bunu 1990-cı illərdə erməni millətçiləri görə bilməmişdi və onları bir nəsil Moskva asılılığına məhkum etmişdi. Paşinyanın 2020-ci ildə Sevr müqaviləsinin həyata keçirilməsini tələb etdiyini xatırlayıram. Bu, necə də axmaq bir fikir idi. O, dərsini alıb. Necə deyərlər, heç olmamaqdansa, gec olsa yaxşıdır. Amma bəzən Paşinyanın siyasi manevrləri o qədər açıq-aydın olur ki, heyrət doğurur. Onun fəaliyyəti ardıcıllıq baxımından dəhşətlidir. O, yalnız alternativi olmayan bir xalqın səs verə biləcəyi tam bir fürsətçidir, amma görünür, İrəvandakı vəziyyətin reallığı məhz belədir.

– Ermənistanda 2025-2026-cı tədris ilindən etibarən üç məktəbdə Azərbaycan dili fənni tədris olunacaq. Azərbaycan dili kursu könüllü olacaq və yalnız 10–12-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Bu qərarın verilməsində məqsəd nədir?

– Bəlkə də bu, iki dövlət arasında gələcək qarşılıqlı əlaqənin siqnalıdır. Bu, həm də Sovet dövründə iki dövlət arasında ünsiyyət vasitəsi olmuş rus dilindən qismən imtina edilməsidir. Bu baxımdan Bakı və Moskvaya çox fərqli mesajlar göndərmiş olur.


Sizin reklam burada
Sizin reklam burada