54 il kadr arxasında qalan Xalq artisi Əli Məhəmmədoğu ilə 54 dəqiqəlik MÜSAHİBƏ - FOTOLAR

54 il kadr arxasında qalan Xalq artisi Əli Məhəmmədoğu ilə 54 dəqiqəlik MÜSAHİBƏ - FOTOLAR
14:49

        Doğrudur, Abdal-Gülablının mehində dərələr keçib, təpələr aşan, özünü Azərbaycanımızın dörd bir yanına yetirən möcüzə səslər çox olub. Lap elə ustad aşıq Valehi xatırlayaq. Onun uzaq Dağıstanda aşıq Zərnigarı sazının, sözünün, səsinin, avazının  bəndinə salıb Abdal-Gülablıya gətirdiyi, çoxdan dastanlaşan, dillər əzbəri olan şirin bir ömür hekayəsini kim bilmir? Adı bu kəndin adı ilə qoşalaşan, az qala sinoniminə çevrilən mərhum sənətkarımız, bənzərsiz səsli Səxavət Məmmədovu yada salmamaq mümkündürmü? Abdal-Gülablının səs politrasında Qulu Ağsəsin poeziyasından, insanlığından süzülən səsin saflıqla bərq vuran işartılarından necə yan keçmək olar?  

     Amma mən sizə haqqında söz açacağım səsin rəngi bir başqadır

       Nə az, nə çox- ömrünün 54 ili Azərbaycan Radiosuna bağlı olub, onunla eyni taleyi bölüşüb. Bu ünvanı günü bu gün də öz doğma evi bilir. O ocağın hənirini ürəyində gəzdirir.

       Xalq artisti, Azərbaycan diktorluq sənətinin görkəmli nümayəndəsi Əli Məhəmmədoğlu ilə 6 Noyabr- Azərbaycan  Radio və Televiziya işçilərinin peşə bayramı günü ərəfəsində həmsöhbət olduq.

                                               *****

       -Xoş gördük, Əli müəllim. Necəsiz? Bəlli yaşdan sonra havaların şıltaqlığı sizi narahat eləmir?

       -Xoş vaxtınız olsun. Havaların şıltaqlığı yaşa baxmır. Elə cavan vaxtı da bu ərköyünlüyü hiss eləmişəm, indi də. Təbiətdi. Təbiətlə mübahisə eləmək olmaz. Allah nə verdi- odur. Nə bəxş edibsə, razılaşmaq və şükr eləmək lazımdır.  

       -İllər insan ömründə nələri dəyişsə də, düşünürəm ki, gözəl səslərin qarşısında bir qədər aciz qalır. Sanki hökmünü göstərməyə bəzən gücü yetmir. İllah da ki, dinləyəndə qəlbimizi ovsunlayan, bəzən içimizin həsrətinə sığal çəkən, məlhəm olub ağrısını ovunduran, gahdan könlümüzü havalandıran səsləri deyirəm. O səslərə, el arasında daha çox "Allah vergisi" deyirlər. Bir əsri haqlayan Azərbaycan Radiosunun diktorları zaman-zaman öz şux, ürəyəyatımlı səslərilə "Sehrli qutu"dan evlərimizə xəbərsiz-ətərsiz gələn, amma ən arzulanan qonaqları olublar.

       -Çox qəribədi ki, öz nəslimizin, hətta sonrakı nəslin, mən əvvəlkiləri demirəm- onları əlçatmaz sayıram, bir nəfəri də olsun  haqqında deyə bilmərəm ki, nəsə onda çatmırdı, ya zəif idi. Elə bil ki, hamısı seçilib göndərilmişdilər. Təsadüfən tək-tək olan var idisə- o da əvvəl-axır başa düşürdü ki, bura onun yeri deyil, çəkilib gedirdi.  

        -Xalq artisti Əli Məhəmmədoğlunun ilk dəfə evlərə "qonaq gəldiyi" gün necə yadında qalıb?

      -İlk dəfə efirə konsert elanları ilə çıxmışam. Təcrübəli diktorlardan biri yanımda otururdu ki, işdi özümü itirsəm, kömək eləsin. Günlərin birində mənə dedilər ki, verilişlərin proqramını oxumaq lazımdır, səhər saat 6-da efirə gedəcək. Oxudum, səsimi yazdılar. İnanın ki, o gecəni necə yatdım, bir Allah bilir. Saatın zəngini 6-ya 10 dəqiqə qalmışa qurdum ki, proqramın oxunuşuna qulaq asım. Evdə böyük bir radioqəbuledicimiz vardı. Açdım, başladım gözləməyə. Nəhayət... Bütün diqqətim radioda idi. Proqramın oxunuşu başlayan andan özümü efirə yad adam kimi hiss etdim.  Özümdən çox narazı qaldım. Həmin gün tamam fikirli oldum. Bu işə necə böyük həvəslə gəldiyimi bilən yaxın dostlarıma zəng elədim ki, deyəsən mən yerimdə deyiləm. Onlar mənə ürək-dirək verdilər, tələsmə, heç olmasa bir ay işlə,- dedilər. Mən bu iş yerində təzə idim, bir simsarım yox idi ki, onunla bölüşüm, məsləhət alım. Yalnız baş redaktorumuz Ramiz Mustafayevə gümanın çatdı. Onun yanına çox gedib-gəlirdim, məni hazırlaşdırırdı. Axırda Ramiz müəllimə deməli oldum. Məni sakitləşdirdi. Dedi ki, narahat olma, birinci dəfə belə olur. Sonra yavaş-yavaş düzələcək. Radio ilə bağlı ilk təəssüratım belə yadımda qalıb.     

          -Həmin illərdə radio diktorları qarşısında hansı tələblər qoyulurdu?

       -Diktorlar qarşısında qoyulan tələb həmişə eyni olub- sözlərin düzgün tələffüzü, məntiq, bir də oxuduğun mətnə münasibət. 

       -O vaxtlar qarşılaşdığınız çətinliklər... Məsələn, bildiyim qədər, sizin radioda çalışdığınız ilk illərdə radioda canlı efir daha çox olurmuş.

      -Bəli. verilişlərin əksəriyyəti canlı gedirdi, xüsusilə də "Son xəbərlər". Əvvəllər səhər saat 6-dan gecə saat 12.00-a kimi işləyirdi birinci proqram. Araz proqramı isə saat 12-dən gecə saat 1-ə kimi. Sonra hər ikisi bütün sutka ərzində yayımlanırdı. Gecə saatları bəzən istisna olmaqla, bütün xəbərlər canlı yayımlanırdı. Deyim ki, hansısa çətinlik çəkirdik- yox. İnsan öyrəşir. Biz də öyrəşmişdik, canlı efir bizə adi hal kimi gəlirdi.

       -Mümkün deyil ki, canlı efirdə, eləcə də radionun o dövrkü həyatında maraqlı hadisələr yaşanmasın. Bilirəm ki, sonralar radiomuzun macəralarına dönən o duzlu-məzəli mövzuları günümüzə çatdıranlardan biri də sizsiniz. Azərbaycan Radio-Televiziyasında sizin yumorunuzun şirinliyinə çoxları bələddir.

      -Hə. Maraqlı hadisələr çox olub. Sizə öz başıma gələnlərdən birini danışacam, bir də efirdən eşitdiyimi. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin, televiziyanın diktoru Hicran Hüseynov bir vaxtlar bizdə- radioda işləyirdi.

     ...Saat 17-də "Xəbərlər" başladı. Mən də proqrama evdə qulaq  asırdım. Jurnalist Əsmər Yusifzadə o vaxtlar radioda işləyirdi. Hicranla xəbərləri oxudular, qurtardılar. Hicran qayıtdı ki, siz "Son xəbərləri" oxudunuz. "Dinlədiniz" əvəzinə "oxudunuz" dedi. Həmin vaxt Əsmər mikrofonu söndürür. Hicran da elə bilir ki,  mikrofon hələ açıqdı. Ona görə mikrofonu söndürmək əvəzinə açır və bilməədn efirə deyir: "Bu nəydi, a-a-az!" 

        Bir dəfə də öz başıma gələn əhvalatı danışım: Saat 23.50-də  xanım həmkarımla "Xəbərlər"i oxuyurduq. Xəbərlərdən biri Quba xalçaları haqqında idi. Mətnin lap axırında belə cümlə vardı: "Quba xalçaları öz keyfiyyəti ilə fərqlənir". Xanım həmkarım ora gəlib çatanda dedi ki,- "Quba xalçaçıları öz keyfiyyəti ilə fəqlənir". Birdən ayıldı. Acığı tutmuş halda çox gülməli və əsəbi jest elədi. Həmin anda məni möhkəm gülmək tutdu- onun səhv oxumağından çox, jestinə. Növbəti xəbəri mən oxumalı idim. Aradan 50 ildən çox vaxt keçsə də indiyə kimi yadımdadı o cümlə: "Rusiya Federasiyasının gəmiqayıranları Xəzər gəmiçiləri üçün yeni gəmi-bərə inşa ediblər". Gülmək məni necə tutmuşdusa, xəbəri belə oxudum: "Ru-u-usiya gəmiqayıranları..."

       O vaxt bütün mətnlərin oxunuşu lentə yazılırdı. Bir həftə, on gün o lenti saxlayırdılar. Sonra pozub yenidən istifadə edirdilər. Neçə gün narahatçılıq keçirdik ki, bunun "səsi çıxacaq". Çox yaxşı ki, sakitcə ötüşdü. Belə hadislələr çox olub.          

       -Sizi ən çox fərəhləndirən, səs imkanlarınızı daha çox açan, qəlbinizə daxili rahatlıq, tükənməz sevinc bəxş edən veriliş... O veriliş, o mətn ki, bu gün də unutmamısız.

       -Lap cavan yaşlarımda Azərbaycan Radiosunun ilk diktorlarından biri, hazırda 103 yaşının içində olan, yeri gəlmişkən, onun peşə bayramını təbrik edirəm, Allah ömrünü daha da uzun eləsin,- Züleyxa Hacıyeva ilə  böyük sənətkarımız Zeynəb Xanlarova haqqında "İfaçıların portreti" verilişininin mətnini oxumağımız yadımdadı. Sonra musiqişünas Elxan Babayevin redaktorluğu ilə hazırlanan "Muğam" radio jurnalı vardı. Mətnini həmişə Aydın müəllim oxuyurdu (Aydın Qaradağlı- red.). Həmin verilişin bir, ya iki nömrəsini mən oxumuşam,- o yadımda qalıb. Gənclik redaksiyasının hazırladığı verilişləri çox oxumuşam. Məsələn,- "Tələbəlik illləri". Mənim diktor kimi formalaşmağımda, o vaxt yarım saatlıq efirə gedən "Bilik" proqramının rolunu xüsusi qeyd etmək istəyirəm. Rejissoru rəhmətlik Tariyel Vəliyev idi. Məndən cavan olsa da, diktor kimi püxtələşməyimdə böyük zəhməti olub. Axır vaxtlar Dilşad Tahirqızının hazırladığı "Köhnə, yeni radio" verilişini xatırlayıram. Onu Ofeliya xanım Sənani ilə başladıq, sonra uzaq yol gəldiyindən ona qıymadıq, Dilşad xanımla qərarlaşdıq ki, həmin verilişi mən tək aparım. Bu da ən çox yadımda qalan verilişlərdəndir. Televiziya proqramlarında  kadrarxası mətnlər çox oxumuşam. Yəqin ki, 54 illik əmək fəaliyyətimin özü sizə çox söz deyir.       

        -Radioda çalışdığınız ilk illərdə daha kimlərin qayğısını, diqqətini xatırlayırsız?

       -Beş sənətkarın adlarını xüsusi qeyd etmək istəyirəm. Biz onları özümüzə müəllim sayırıq: Fatma Cabbarova, Züleyxa Hacıyeva, Aydın Qaradağlı, Ramiz Mustafayev, Sabutay Quliyev. Onların hər biri mənim də həyatımda böyük rol oynayıb.

       Xalq artisti Ofeliya Sənani məndən əvvəl işləyirdi. Nurəngiz Gün- əvvəl soyadı Quliyeva idi. Radio, sonra televiziya diktoru oldu. Axırda gözəl şair kimi tanındı.

     Xalq artisti Qara Tağızadə, Südabə Manaflı, Zərifə Yusifova... Böyük sənətkarlar idi.

      Sənətimizin şərəfini bu gün də uca tutanların adlarını çəkmək istəyirəm: Əməkdar artistlər İradə Ələkbərqızı, Sevil Hüseynli, yaxın dostum, xalq artisti Eldost Bayram, Şəmsiyyə Qarayeva, Ofeliya Sabirqızı... Adlarını çəkməyi unutduğum oldusa, məni bağışlasınlar. Allah hamısına cansağlığı versin.

         -Azərbaycan Radiosu ədəbi dilimizin normalarının qorunmasında müstəsna rol oynayıb. Yazılı dillə danşıq dili arasında körpünün düzgün "mizan-tərəzi"si, daha da yaxınlaşması, bütövləşmə kimi vacib və incə iş həm də diktorlarımıza "əmanət" idi.

         -İşə qəbul olunanda rəhmətlik Aydın Qaradağlı mənə xalq artisti Kazım Ziyanın "Səhnə dili haqqında" kitabını verdi və dedi ki, bu əsəri çox diqqətlə oxu, müəllimimin kitabıdı. Sonralar dil məsələləri üzrə mütəxəssislər də bu işdə diktorlara tövsiyələrini verirdilər.   

        -Bugünkü dövrün çağırışları diktor sənətinə soyuqluq gətirdi. Amma bu gün də sevilən, təqdir olunan neçə-neçə istər radio, istərsə televiziyanın ədəbi-bədii verilişləri, sənədli filmləri bu səslərin nəfəsilə canlanır, oxucu, tamaşaçı könlünü oxşayır.   

        -Diktorluq sənət idi. Amma aparıcılıq sənət deyil, qabiliyyəti olan istənilən şəxs aparıcı ola bilər. Təəssüflər olsun ki, indi diktorluq sənəti unudulub. Amma hefslənməyə də dəyməz. Hər dövrün öz tələbi var. Amma bir həqiqət var ki, diktorlar kimi səlist danışanlar azdı.

         -Ömrün məlum çağında insanın dönüb ötənlərə baxmağı da var. İstədi-istəmədi, mümkünsüz olduğunu bilə-bilə hansısa anları yenidən yaşamaq, barmağının ucu ilə də olsa ona toxunmaq, lap elə nəfəsini kürəyində hiss eləmək istədiyi  məqamlar olur.

        -İşimdən də, sənətimdən də çox razıyam. Təmənnasız yaşamışam. Zəhmətimə lazımi qiymət verilib. İşlədiyim müəssisə mənə ev verib, bağ verib. Fəxri adım var. Allahdan bircə arzum var ki, mənə verdiyi ömrü sağlam yaşayım.

       -Abdal-Gülablı azad olunanda...

       -Həmin anda qanad açıb orda olmaq istədim. Təəssüf ki, hələ də doğma kəndimizə gedə bilməmişəm. Ayağımda yaranan problemlər imkan vermir. Əmimoğlu təkidlə çağırır, gəl, səni aparım gəzdirim. Düzdü, ürək atlanır, amma görürəm fiziki imkanlarım o deyil. Arzu edirəm ki, obamız qayıtsın o gözəl yurdumuza, həyatlarını Abdal-Gülablıda davam etdirsinlər.  

        -Sözsüz ki, erməni vəhşiliyinin qurbanı olan yurd yerlərimiz bərpa olunacaq, yenidən qurulacaq, dirçələcək, həyat öz axarına düşəcək. Axarına düşməyəcək, bərpa olunmayacaq nələrdir?  

        -Baxıram, ellərimiz öz yurdlarına geri dönür. Gözəldi. İllərlə bunun həsrətində olmuşuq. Amma mənim könlümü açmayan bilirsiz nədi?- hamısı bir-birinə oxşayan "inkubator evlər". Əvvəlki həyət-bacalar, evlər artıq yoxdu. Amma yenə də əsas olan odur ki, Müzəffər Ali Baş Komandanımızın  rəhbərliyi ilə qəhrəman Ordumuz torpaqlarımızı düşmən işğalından azad edib. Suverenliyimiz bərpa olunub. Bu, xalqımızın tarixində ən şanlı səhifələrdəndir. Zamana ehtiyac var. Hər bir şey yerbəyer olacaq.     

        -Ömrünüzün bu çağında nələri yəqin etdiniz?

        -Bircə cümlə ilə deyim: düz yaşamaq lazımdır.

         -6 noyabr- Azərbaycan Radio və Televiziya işçilərinin peşə bayramı günüdür. Əli müəllim, sizə, həmçinin qocaman radio və televiziyamızın  bütün  işçilərinə, veteran əməkdaşlarına səmimi təbriklərimizi çatdırır, bu bir əsrlik yolda izi qalanları ehtiramla yad edirik.

        -Yada saldığınız üçün sizə təşkkür edirəm. Fürsətdən istifadə edib bütün radio dinləyicilərini, televiziya tamaşaçılarını, bütün xalqımızı bu gözəl bayram münasibətilə təbrik edirəm.

 

                                                                           Nazim Əlifov   



Sizin reklam burada
Sizin reklam burada