Teatr afişalarında Zəfər sükutu

Teatr afişalarında Zəfər sükutu
09:55

Bu il Zəfərin beşinci ildönümünü qeyd etməyə hazırlaşırıq. 44 günün ağrısı, itkiləri və qüruru yalnız tarix kitablarının sətirlərində qalmalı deyil. Bu tarix səhnədə, ekranda, musiqidə və hekayələrlə yaşadılmalı, nəsillərdən-nəsillərə ötürülməlidir.

Çinə sonuncu səfər zamanı proqramın bir hissəsi Yanan şəhərinə ziyarət idi. Yanan Çinin əyalət şəhərlərindən biridir, əsasən aqrar-sənaye mərkəzi hesab edilir. Bu şəhərdə fəaliyyət göstərən teatra getdik. Uşaqların da iştirak etdiyi tamaşada Mao Tszedun və silahdaşlarının bir xalqın azadlığı uğrunda mübarizəsi nümayiş etdirilirdi. Daha sonra yenə Çin xalqının azadlıq mübarizəsini əks etdirən başqa bir tamaşaya Sinyan şəhərində baxdıq. Çin dilini bilməsək də, səhnədə gördüklərimiz, effektlər və sözsüz verilən mesajlar bizi təsirləndirə bilmişdi.

Sentyabrda Belarusa, Minsk şəhərinə səfər zamanı müdafiə nazirliyinin balansında fəaliyyət göstərən DramTeatrına getdik. Səhnədə Belarus xalqının II dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində göstərdiyi əzm və mübarizədən bəhs edən təsirli bir tamaşa idi. Tamaşanın ssenarisi müharibə zamanı yaşanmış real hadisə əsasında yazılmışdı. Hər iki halda zal dolu, emosiyalar canlı, tarix adamın gözündə canlanırdı.

İndi biz müstəqillik tariximizin ən şərəfli, ən dəyərli 44 günlük hadisəsinin 5-ci ilini yaşayırıq. Qürurla o günləri xatırlayır və qeyd edirik. Ancaq iticket.az üzərində 1–8 noyabr tarixlərində bir neçə teatrın repertuarına baxıram, yalnız Gənc Tamaşaçılar Teatrında “Balaca kişilər” tamaşası var. Anotasiyasında tamaşanın 44 günlük Vətən müharibəsinə həsr edildiyi və süjet xəttinin Azərbaycan xalqının işğala qarşı mübarizəsindən bəhs etdiyi qeyd edilir. Bir də bu teatrın kiçik zalında “İnanıram” tamaşası var ki, bu da müharibədə övladını itirmiş ananın taleyindən bəhs edir.

Azərbaycanın əsas teatr səhnəsi olan Akademik Milli Dram Teatrının repertuarındakı tamaşalar 44 günlük Zəfəri əks etdirmir. Rus Dram Teatrnda isə repertuar müəyyən edilən zaman, deyəsən, heç təqvimə baxmayıblar.

Böyük Zəfərdən 5 il keçir və bu 5 il ərzində həm tamaşa, həm film, eyni zamanda tarixi yaşadacaq bir sıra maraqlı layihələr icra etmək mümkün idi. Hamı oturub yuxarıdan tapşırıq gözləyir. Gərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən və ya başqa qrumdan teatra zəng gəlsin və deyilsin ki, “cənablar, Zəfərə həsr edilmiş tamaşa qoyun, film çəkin”. Hamı fəxri ad istəyir, əməkdar aktyor, əməkdar rejissor… Ancaq 5 ildir ən aktual mövzunu ildə bir dəfə, uzun illərdir işlənib hazırlanmış tamaşalarını repertuara təkrar-təkrar salmaqla yola verirlər.

Aqil Məmmədov, politoloq


Sizin reklam burada
Sizin reklam burada