“Ramiz Mehdiyevin həbsi göstərdi ki, qanun hamı üçün eynidir”- YAP-çı deputatdan AÇIQLAMA

“Ramiz Mehdiyevin həbsi göstərdi ki, qanun hamı üçün eynidir”- YAP-çı deputatdan AÇIQLAMA
13:28

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzadənin “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Aydın müəllim, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi cəmiyyətdə ciddi reaksiyaya səbəb olub. Baş verənlərə münasibətiniz necədir?

- Ramiz Mehdiyevə qarşı ittihamları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) irəli sürüb. Çox ağır maddələrdir. DTX dövlətçiliyin keşiyində çox ciddi dayanan bir qurumdur. Yəqin ki, bunun əsasları olub ki, sonda belə bir qərar qəbul edilib. Hazırda araşdırma gedir. Zamanı gələndə daha geniş açıqlamalar veriləcək. Ümumiyyətlə Azərbaycanda bütün cinayətlərin tədqiqatı, məhkəmə prosesi barəsində zaman-zaman cəmiyyətə məlumat verilir. Yəni gizli qalan heç nə olmur. Düzdü, Ramiz Mehdiyev çox yüksək posta işləmiş bir insandır. Ona görə də onun həbsi, ona qarşı cinayət işinin qaldırılması cəmiyyətdə çox geniş müzakirələrə səbəb oldu. Çox düzgün olaraq insanlar bunun niyə baş verdiyini və Ramiz Mehdiyevin hansı səbəbdən bu işə qol qoyması ilə bağlı suallar verirlər. Bütün bunların hamısı hazırda tədqiq edilir. Bu hadisədə başqa iştirakçıların olub-olmamasını istintaq müəyyənləşdirəcək. Dünən məlum oldu ki, Ramiz Mehdiyevin Elmlər Akademiyasında prezident olduğu dövrdə onun köməkçisi olan şəxs də məhz eyni maddələrlə həbs edilib. Görünür, buna çox ciddi əsaslar olub. Kimlər ki bu işdə iştirakçıdır, onlar mütləq müəyyənləşdiriləcək və müvafiq qərarlar qəbul ediləcək. pizza

 - Bu qəbildən olan həbslər silsilə formada davam edə bilərmi? Bəzi keçmiş məmurlarla bağlı səsləndirilən ittihamlar nə dərəcədə həqiqəti əks etdirir?

- Baş verənlər bir daha onu göstərdi ki, Azərbaycan dövləti güclüdür. Dövlətin çox güclü nəzarət aparatı qurulub. Kimlərinsə dövlət əleyhinə, öz mənafeyini güdərək etdiyi hərəkətlərin üstü gec-tez açılacaq. Əgər vaxtilə Prezident Adminstrasiyasının rəhbəri işləmiş şəxs bu gün məhkəmə qarşısında cavab verirsə, əgər rayon icra başçıları həbs edilirsə, icra hakimiyyətlərində qrup şəklində qeyri-qanuni işlərlə məşğul olan insanlar tutulursa, bütün bunların hamısı onu deməyə əsas verir ki, istənilən cinayət tərkibli işin üstü mütləq açılacaq. Bundan əvvəl də bəzi nazirlik və icra hakimiyyətlərində müxtəlif səbəblərdən tutulanlar olub. Cənab Prezident kimisə vəzifəyə təyin edərkən, onlar qarşısında birmənalı şəkildə qanuna riayət etməyi, dövlətçilik üçün işləməyi, insanların rifahının artırılmasını bir nömrəli məqsəd kimi qoyur. Çox təəssüf ki, bəziləri bu tapşırığı unudurlar. Onlar sonradan həmin tapşırığa riayət etmək əvəzinə özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ancaq gec-tez bu əməllərə görə cavab verirlər. Dövlət ilk növbədə qanunlarının işləməsi ilə güclü olur. Hazırkı Azərbaycan dövləti bunu bir daha sübut edir.

 - Ramiz Mehdiyevin gəlininin işdən çıxarılması, onun oğlu və qızının da yaxın vaxtlarda tutuduqları postdan uzaqlaşdırılacağı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə müxtəlif yanaşmalara səbəb oldu. Bir çoxları bunu doğru bir addım kimi qəbul etsə də, bəziləri övladların atalarının əməlinə görə məsuliyyət daşımasını düzgün hesab etmir. Sizin bu məsələdə mövqeyiniz necədir?

- Birincisi, bütün bu məsələlərin hamısını istintaq müəyyənləşdirəcək. İstintaqın gedişini və onun müəyyən nəticələrə gəlməsini gözləmək lazımdır. İkincisi, Ramiz Mehdiyevin oğlu nazir müavinidir. Həmin vəzifəyə təyinat dövlət başçısının sərəncamı ilə olur və bu Prezidentin səlahiyyətindədir. O ki qaldı Ramiz Mehdiyevin xanımı və gəlininin işdən azad olunmasına, bu artıq onların işlədiyi təşkilatların daxili məsələsidir. Hamısı eyni vaxta düşübmü, özlərimi ərizə verib çıxıblar və ya işlərin öhdəsindən gələ bilmədikləri üçün azad ediliblər, bu artıq həmin təşkilatlar daxilində verilmiş qərardır. Əsas məsələ dövlətə sədaqət məsələsidir. Dövlətə qarşı hər hansı qeyri-qanuni fəaliyyət çox ciddi məsələdir. Bu məsələdə səhv edən insanlar, gec-tez öz layiqli cəzalarını alırlar.

- Ötən həftə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və bir qrup vəzifəli şəxsin həbs edilməsi yerlərdə inzibati idarəetmə formasının dəyişdirilməsi məsələsini bir daha gündəmə gətirdi. Yaxın gələcəkdə bu istiqamətdə hansısa yenilik gözlənilirmi?

- Bu mövzu cəmiyyətdə tez-tez müzakirə edilir. Xüsusən Prezidentin xüsusi nümayəndəliyin müsbət effekt verməsi belə müzakirələrə yol açır. Bunu gələcək göstərəcək. Hələ ki konstitusiya ilə regionların idarə edilməsi şəhər-rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Zamanı yetişəndə bu məsələ də müzakirə mövzusu ola bilər. Amma həmin o zamanı gözləmədən bu gün təyin olunanlar, səlahiyyəti olanlar dövlət, xalq və prezident qarşısında öz məsuliyyətlərini dərindən dərk etməlidir.


Sizin reklam burada
Sizin reklam burada