Bakının müdafiəsində həlak olan İspan təyyarəçilər və Azərbaycana pənah gətirən ispan uşaqları
Gəncənin "Daş Körpü" adlanan ərazisində yerləşən qəbristanlıqda yan-yana düzülən 19 qəbir var. Bir-birindən fərqlənməyən bu məzarlar İspan pilotlarına aiddir. ..
Necə oldu ki, ikinci dünya müharbəsi ərəfəsində, dünyanın qanlı müharibə ilə üz üzə qalmaq təhlükəsi yaşadığı bir dövrdə İspanlar Azərbaycana gəldilər ?
1937-ci ildə, İspaniya Respublikası ilə Sovetlər Birliyi arasında dostluq danışıqları başlayır. Bu danışıqlar masasında İspanların təyyarə sürmək bacarıqlarının artırılması məsələsi də olur. Müqavilədə 1 milyon dollarlıq təlim kursunu İspaniya Sovetlərdən borc kimi götürüb zamanla ödəməyi öhdəsinə götürür.
İmzalanan müqavilədən irəli gələrək Sovet höküməti, 1937-ci ilin yanvarında Gəncədə 20 saylı Hərbi Pilot Məktəbi açır. Məktəbin inşası üçün sərf edilən 3,5 milyon rubla yaxın məbləğ də yenə İspan hökümətinin borcuna əlavə edilir. Onu da qeyd edək ki, məktəb sadəcə ispan kurslantların təlim keçməsi məqsədi ilə yaradılmış idi.
1 fevral 1937-ci ildə, 193 ispan kursant artıq Gəncədə təlimlərə başlamışdı. Onlara 5 ay müddətində nəzəri aerodinamika, hücum taktikaları, hava döyüşləri, pilotçuluqdan xüsusi biliklər öyrədilirdi.
1937-39-cu illər arasında, məktəb ümumilikdə 5 dəfə, hərəsində ortalama 100 pilot olmaqla, məzun verir. İlk məzun olan 413 pilot İspaniyadakı sovet pilotları ilə əvəzlənmiş idi. Məktəbdə dərslər 6 aylıq olub. İki il ərzində 5 dəfə məzun buraxılıb. Sonuncu 185 nəfərlik qrupun təlimləri 1939-cu ilin mayında yekunlaşıb
Sonuncu qrupu, müharibənin yekunlaşdığı nəzərə alınaraq, onları İspaniyaya göndərilmirlər. Özləri də vətənə dönmək istəmirlər. Çünki İspaniyada artıq sovetlərin dostu yox, faşizmə meyilli Franko hakimiyyətdə idi.
Sovet hökuməti qərar verir ki, onlar elə burada qalsalar daha çox lazım ola bilərlər.
Həmin 185 nəfərdən, 84-ü Meksikaya sığınaraq, SSRİ-ni tərk etsə də, 101 pilot qalmağa qərar verir. Onlardan da 44-ü İkinci Dünya Müharibəsi zamanı Sovet Ordusunda xidmətə qəbul olunmuşdur.
İkinci Dünya müharibəsi zamanı Sovet Ordusunda xidmət edən ispan pilotlar Moskva, Odessa, Stalinqrad ilə yanaşı, Bakının hava hücumundan müdafiəsində də iştirak edib və onlardan 25 nəfəri döyüş şəraitində həlak olub.
Sovet hərbi pilot məktəblərində təhsil almış 700-dən artıq ispan kursantın, 500-dən çoxu məhz Gəncədə oxumuşdur.
Gəncədə dəfn olunan İspan pilotlar əsasən 1937-38-ci illərdə dünyasını dəyişənlərdir. O vaxt Aviasiya Məktəbində keçilən təlimlər olduqca çətin və riskli olub.Təlimlər zamanı dünyasını dəyişənləri Gəncə şəhərində, köhnə qəbrstanlıqda dəfn etdilər. Bir müddətdən sonra isə həmin qəbrlər indiki Gəncə şəhərinin Fəxri Xiyabanına daşındı və orada dəfn edildi.
Azərbaycan ərazisində, həyatını itirmiş İspan pilotların məzarları hazırda Gəncə və Bakı şəhərində yerləşməkdədir. Bəzilərinin adları dəyişdirilibdir.
Məsələn, üzərində Georgi Sinorin yazılan qəbir əslində Fransisko Fernandes adlı təyyarəçiyə məxsusdur. Sovet hökuməti bunu gizlətmək üçün belə addım atmışdır. Daha 14 məzar daşında rus adları yazılıb, lakin orda dəfn edilənlər İspanlar idilər.
Azərbaycanda dəfn edilən İspanların adları, qeyd edim ki, bunlar hələ tam adlar deyil:
Xose Mario Bravo (kap.), Manuel Sarausa (kap.), Xoakin Dias Santos, Xose Karbonell, Luis Lavin, Xose Palyares, Naxera İsidoro Montero, Baustista Xuan, Kassas Kolvo, Manuel Gonsales, İ.Plasa, Fransisko Fernandes Fons,
İspaniyalı Maşel Sarausa 1942-ci ilin oktyabrında Bakı səmasında reyd edərkən həyatını itirib. 1942-ci ilin əvvəlində altı nəfər ispan pilotu Bakı bölgəsindəki qırıcı aviasiya alayının tərkibində xidmət keçmişdilər.
Sovetlər dövründə İspanlar hərbi hissələrdə xidmət edirdilər. İkinci dünya müharibəsində göstərdikləri şücaətə görə onlara böyük hörmət edilirdi. Lakin 1948-ci ildə, bir ispan pilotun təyyarə ilə Türkiyəyə qaçmasından sonra, Sovet Ordusunda xidmət edən bütün ispan hərbçilər vəzifələrindən azad edilirlər.
Bir faktı da qeyd edim ki, İkinci Dünya müharibəsinin ağır illərində faşizmin işğalına məruz qalan İspaniyadan olan uşaqlara Azərbaycan torpağında sığınacaq verilib.."Feliks Dzerjinski” adına buxarlı gəmidə Azərbaycana gətirilən minlərlə ispan uşaqları barədə kinoxronikanı tarix elmləri doktoru Zemfira Hacıyeva müəyyənləşdirərək üzə çıxarıb. Həmin nadir materialların araşdırılması və təhlili zamanı 1940-cı illərin əvvəllərinə aid kinoxronikada İspaniyadan Azərbaycana kimsəsiz uşaqların gətirildiyi müəyyənləşdirilib.
Onlara burda doğma münasibət göstərilib.
Zaur Əliyev, tarixçi