Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.
News365.az xatırladır ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız, zaman keçdikcə xalqın maarifləndirilməsində, milli özünüdərkin formalaşmasında və ictimai rəyin ifadə olunmasında mühüm rol oynayıb.
Qeyd edək ki, bu il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda yubiley tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq tövsiyələr əks olunub.
Sənəddə Azərbaycan mətbuatının tarixinə qısa ekskurs edilib, “Əkinçi” qəzetindən başlanan maarifçilik missiyası, dövlətçilik düşüncəsinin formalaşmasındakı rolu və cəhalətə, xurafata qarşı mübarizəsi vurğulanıb.
Həmçinin, ümummilli lider Heydər Əliyevin milli mətbuatın inkişafı ilə bağlı gördüyü mühüm işlər də xatırlanıb.
Eyni zamanda, Vətən müharibəsi dövründə jurnalistlərimizin əzmkarlığı və fəaliyyəti yüksək qiymətləndirilib. Gələcəkdə də medianın müasir trendlər nəzərə alınmaqla, dövlətçilik ənənələrini qoruyaraq fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub.