Bu gedişlə ətin
qiyməti davamlı olaraq artacaq. Çünki, Azərbaycanda ətin qiymətinin artımı sadəcə
bazar oyunlarının nəticəsi deyil. Məsələyə bir az dərindən baxanda görürük ki, əsas
problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir.
Rəsmi
statistika göstərir ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4
milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır. Yəni
ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan
artaraq 10,2 milyonu keçib. Nəticədə adam başına düşən yararlı torpaq 0,56
hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir.
Əhali artır,
yararlı torpaq sahəsi isə artmır. Əvəzində bu 20 ildə əkin yerləri 237 min
hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb. Çoxillik əkmələr 53
min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb.
Göründüyü
kimi hər sahəyə ayrılan ərazi artıb. Amma ölkənin yararlı torpaq sahəsi
artmayıb. Deməli, bu artımlar hansısa sahənin azalması hesabına baş verib. Bu
azalan hissə isə örüş və otlaq sahələridir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında
heyvandarlığın əsas dayağı olan sahələr getdikcə daralır. Nəticədə yem bazası zəifləyir,
otlaq imkanları məhdudlaşır, bu da birbaşa ətin maya dəyərinə təsir göstərir və
ət qiyməti davamlı yüksəlir.
Çıxış yolu
varmı?
Yəqin ki,
genetik seleksiya, məhsuldar cinslərin gətirilməsi, aqrotexniki innovasiyalarla
daha az torpaqda daha çox məhsul əldə etməklə bağlı təkliflər səsləndirsək, yəqin
ki, bu sahəyə məsul şəxslərdən cavab gələcək ki, bu işlər görülür. Amma məsələ
ondadır ki, problem hələ də qalır. Deməli, bu kifayət deyil, daha ciddi
addımlar atmaq lazımdır.
Torpaq idarəçiliyi
islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı,
istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən
vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir.
Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem
istehsalıdır. EYni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı
yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də
heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə
problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgsündə bu
problem qalacaq, o qədər kənd təsərrüfatının ənsər sahələri əziyyət çəkəcəkdir.
Beləliklə, ət
qiymətini 17 manata qaldıran “17” səbəbdən sadəcə bir neçəsinə toxunduq. Necə əmin
olmaq olar ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata
da çatmayacaq? Çünki, səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin
gələcək taleyini” proqnoz etmək mümkün deyil.
Əslində,
qlobal infilyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən
obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər
böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da
obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə
subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür.
Eldəniz Əmirov, iqtisadçı ekspert