Suriya Prezidenti Əhməd əş-Şaraa kürd silahlı birləşmələrinin rəhbərini Dəməşqə dəvət edib.
Dövlət başçısı “Suriya Demokratik Qüvvələri”nin lideri Mazlum Abdini bu gün paytaxtda ABŞ-nin xüsusi nümayəndəsi Tom Barrakla keçiriləcək görüşdə iştirak etməyə çağırıb.
Məlumata görə, görüş Suriyada sürətlə dəyişən hərbi-siyasi vəziyyət fonunda baş tutur və tərəflər arasında mümkün təmasların taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Musavat.com bildirir ki, bu dəvət Dəməşqin həm kürd qüvvələri, həm də Vaşinqtonla paralel dialoq qurmaq cəhdinin göstəricisi kimi qiymətləndirilir.
Xatırladaq ki, son bir gecə ərzində kürd silahlı birləşmələri Suriya ordusunun hücumları nəticəsində geniş əraziləri və strateji obyektləri itirib.
İtirilən bölgələr arasında mühüm qaz və neft yataqları da var ki, bu da kürd qüvvələrinin hərbi və iqtisadi mövqelərinə ciddi zərbə vurub.
Hərbi mənbələrin məlumatına görə, hazırda xəritədə sarı rəng kürdlərin nəzarətində qalan əraziləri, yaşıl rəng Suriya ordusunun mövqelərini, bənövşəyi rəng isə kürdlərin son döyüşlərdə itirdiyi əraziləri göstərir.
Ekspertlər hesab edirlər ki, Dəməşqdə planlaşdırılan bu görüş Suriyada qüvvələr balansının dəyişdiyi bir mərhələdə baş tutur və ABŞ-nin vasitəçi rolu fonunda kürd məsələsinin yeni siyasi mərhələyə keçə biləcəyindən xəbər verir.(musavat.com)