Ermənistanda daxili siyasi vəziyyət getdikcə daha da gərginləşir. Sosial şəbəkələrin Ermənistan seqmentini və yerli medianı izləyən istifadəçilər son aylarda hakimiyyətlə müxalif qüvvələr arasında artan qarşıdurmanı açıq şəkildə müşahidə edirlər. Proseslər sistemli repressiya xarakteri almağa başlayıb.
News365.az-a açıqlama verən Anar Əliyev bildirib ki, mövcud hakimiyyət əsas rəqib sayılan siyasi institutların təsir imkanlarını ciddi şəkildə zəiflətməyə nail olub:

“Əsas institusionallaşmış siyasi qurumların sıradan çıxarılması prosesi artıq real nəticə verib. Hakimiyyət rəqiblərinin televiziya, media və xalqla birbaşa kommunikasiya imkanlarını faktiki olaraq bloklayıb. Yanvarın əvvəlindən müxalifətə məxsus televiziya kanalının fəaliyyətinin tam dayandırılacağı bildirilir.”
Politoloq qeyd edib ki, hazırda müxalif siyasi qüvvələrə qarşı sərt tədbirlər həyata keçirilir və bu, xüsusilə iki partiyanı hədəf alır:
“Hazırda ən aktiv təzyiqlər Daşnaksütyun Partiyasına və Vətən Partiyasına qarşı yönəlib. Hələlik revanşist qüvvələrə – keçmiş prezidentlərin tərəfdarlarına qarşı açıq repressiyalar geniş müşahidə olunmasa da, proseslərin yaxın aylarda bu istiqamətdə də sərtləşməsi ehtimalı yüksəkdir.”
Anar Əliyev həmçinin Qərbin Ermənistandakı siyasi həbslərə və insan haqları pozuntularına reaksiya verməməsini diqqətə çatdırıb:
“İnsan haqlarından və demokratik dəyərlərdən danışan Qərb Ermənistanda müxalif olduğuna görə insanların həbsə atılmasına, işgəncələrə məruz qalmasına və hətta həbsxanalarda siyasi səbəbdən ölümlərin baş verməsinə göz yumur. Heç bir rəsmi reaksiya yoxdur. Bu onu göstərir ki, hazırkı hakimiyyət Qərbin maraqlarına uyğun siyasət yürüdür və məhz buna görə də Qərb onu qorumağa çalışır.”
Politoloqun sözlərinə görə, müxalif qüvvələr xarici dəstək hesabına aktivləşməyə çalışdıqca, hakimiyyətin cavab addımları daha da sərtləşə bilər:
“Revanşist qruplar və keçmiş prezidentlərin tərəfdarları kənar güclərin dəstəyi ilə aktivləşməyə cəhd etdikcə, hakimiyyətin onlara qarşı da sərt və açıq repressiv addımlar atmasını görə bilərik.”
Anar Əliyev sonda vurğulayıb:
“Bu proseslərin yaxın aylarda daha da dərinləşməsi və siyasi qütbləşmənin pik həddə çatması gözləniləndir.”