Ermənistan rəsmiləri vaxtaşırı Konstitusiyanın dəyişdirilməsi məsələsinə toxunsalar da, bu prosesin 2026-cı ildən əvvəl baş tutmayacağı bildirilir. 2026-cı ilin iyununda Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək və hazırda Paşinyan komandası üçün əsas narahatlıq məhz həmin seçkilərdir. Ekspertlərin fikrincə, yalnız bu seçkilərdən sonra Konstitusiya dəyişikliyi məsələsi real müzakirə mövzusu ola bilər.
Bu barədə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu News365.az-a açıqlama verib.

Deputat bildirib ki, konstitusiya dəyişikliyinin dəqiq hansı istiqamətdə olacağını demək çətindir, lakin Azərbaycan üçün əsas məqam Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasıdır. Azərbaycanda sülh sazişinin imzalanması üçün irəli sürülən iki şərtdən biri – ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması – artıq yerinə yetirilib. İndi isə digər şərt – Konstitusiyanın preambulasında “Müstəqillik Bəyannaməsi”nə edilən istinadın aradan qaldırılması – gündəmdədir. Həmin sənəddə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi açıq şəkildə qeyd olunur.
Elşad Mirbəşiroğlu deyir ki, Ermənistan rəsmiləri hələ də Konstitusiyada ərazi iddialarının mövcud olduğunu açıq etiraf etmir. Ermənistan parlamentinin sədri və xarici işlər naziri iddia ediblər ki, guya 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməsi sənəddə Azərbaycana qarşı ərazi iddialarının olmadığını təsdiqləyib. Halbuki Konstitusiyanın preambulası hələ də “Müstəqillik Bəyannaməsi”nə əsaslanır və həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi maddəsi açıq şəkildə yer alır.
Deputatın sözlərinə görə, əgər Ermənistan doğrudan da sülh istəyirsə və bu istəkdə səmimidirsə, Konstitusiyasına dəyişiklik etməli və ərazi iddialarını tam şəkildə aradan qaldırmalıdır. Əks halda, sülhə nail olmaq mümkün olmayacaq. Mirbəşiroğlu hesab edir ki, Ermənistan Azərbaycanın tələblərini qəbul etməyə məcbur qalacaq, çünki bölgədə davamlı sülhün başqa yolu yoxdur.