“Məğlub olmusansa, şərtləri də qəbul etməlisən“- Politoloqdan AÇIQLAMA

“Məğlub olmusansa, şərtləri də qəbul etməlisən“-  Politoloqdan AÇIQLAMA
01 İyl 2024 13:36

“44 günlük müharibə və 23 saatlıq anti-terror tədbirləri kifayət etdi ki, 30 illik müharibəyə, münaqişəyə son qoyulsun. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaranıb, Azərbaycanın öz ərazilərində suveren hüquqlarını təkbaşına bərpa etməsi bütün beynəlxalq gücləri bizimlə hesablaşmaya sövq edib. Heç bir ölkə Azərbaycanın hansısa qanundankənar bir fəaliyyətdə olduğunu deyə bilmir. Haqq da, ədalət də bizim tərəfimizdədir. Son vaxtlar bəzi dövlətlərin regionda başlatdıqları destruktiv və əsasən də Cənubi Qafqaz ölkələri arasında yeni müharibənin alovlanması üçün yürütdükləri revanşist siyasət vəziyyəti gərginləşdirsə də, onu qarşıdurma səviyyəsinə çatdıra bilmir. Burada Azərbaycanın imkan və güc faktorunu nəzərə almaq lazımdır”.

Bunu açıqlamasında politoloq Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, müharibədən sonra sülh müqaviləsinin imzalanması üçün təmasların qurulması, müzakirələrin aparılması, ikitərəfli görüşlərin keçirilməsi yenə də Azərbaycanın təşəbbüsü və razılığı ilə həyata keçirilir:

“Bu gün Ermənistan bütün bəhanələrə baxmayaraq Azərbaycanın sülh təkliflərinə boyun əyməkdədir. Düzdür, Ermənistanda kapitulyasiya aktını qəbul etməyən, məğlubiyyətlə barışmaq istəməyən bir çox qruplar, yaxud qruplaşmalar var. Amma onların gücü yalnız etiraza və hakimiyyətə qarşı keçirilən yürüşlərə çatır. Bundan uzağa gedə bilmirlər. Onlar da hakimiyyətə gəlsələr, nəticə dəyişməyəcək. Görünən budur ki, ermənilər müxtəlif üsullarla, hərəkətlərlə sülh müqaviləsinin imzalanmasını ertələməyə çalışırlar. Sülh müqaviləsi isə Azərbaycanın hələ 3 il bundan əvvəl təklif etdiyi və beynəlxalq sənədlərə uyğun 5 baza prinsipini özündə etiva edən sülh müqaviləsində öz əksini tapır. Baxmayaraq ki, Azərbaycan bu müharibənin qalibidir, həm də sülh təşəbbüskarıdır. Belə hallar tarixdə çox az hallarda rast gəlinən hadisədir, amma görünən budur ki, Ermənistandakı bəzi qüvvələr hələ də reallıqla barışmaq istəmirlər. Ümidlənirlər ki, bəzi xarici ölkələrin dəstəyi sayəsində əvvəlki “status-kvo”nu bərpa edəcəklər. Unudurlar ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, bu gün o bütün mənalarda qüdrətlidir, regionun lider ölkəsidir, bütün layihələr rəsmi Bakının bilavasitə razılığı əsasında həyata vəsiqə qazanır. Ermənistan bundan sonar 100 il də keçsə özünə gələ, bizimlə rəqabət apara bilməz. Əgər Ermənistana sülh təklif ediriksə, bu, Azərbaycanın ən böyük güzəştidir. Məqsəd Cənubi Qafqazda uzunmüddətli sülhü bərpa etməkdir. Ermənistan da bunu istəyirsə, ərazi iddialarından əl çəkməlidir və bunun üçün də öz konstitusiyasında təsbit olunmuş bəzi maddələri dəyişməli, ya da onları çıxarmalıdır. Əks təqdirdə iki ölkə arasında sülhü çox gözləməli olacağıq. Əslində Ermənistanın etdikləri açıq provokasiyadır, sülhə əngəl törətmək cəhdidir. Məğlub olmusansa, şərtləri də qəbul etməlisən”.- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər