Əlcəzairin Milli Xalq Assambleyası (parlament) XIX–XX əsrlərdə Fransanın ölkədə həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul edib.
News365.az xəbər verir ki, bu barədə açıq keçirilən iclasın birbaşa yayımında bildirilib.
Beləliklə, Fransanın 14 iyun 1830-cu ildən 5 iyul 1962-ci ilədək Əlcəzairdə həyata keçirdiyi müstəmləkəçilik, "birbaşa və dolayı nəticələri, həmin tarixdən sonra da davam edən təsirləri" qanunvericilik səviyyəsində rəsmi şəkildə cinayət kimi təsbit olunub.
Qanun müəllifləri Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi ilə bağlı təxminən 30 növ cinayət müəyyənləşdiriblər. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı amansız işgəncələr, qadağan olunmuş silahlardan istifadə, ekoloji fəlakətlərin törədilməsi, o cümlədən Əlcəzair səhrasında aparılan nüvə sınaqları daxildir. Bu sınaqların nəticələrini yerli sakinlər bu gün də hiss edirlər.
Şimali Afrika ölkəsi keçmiş metropoliyadan müstəmləkəçilik keçmişinə görə rəsmi üzr istəməsini və kompensasiya ödənilməsini tələb edəcək.
Bildirilib ki, Fransanın müstəmləkə hakimiyyəti əhaliyə ərəb dilində təhsil almağı qadağan edib, məcburi xristianlaşdırma aparıb və Birinci və İkinci dünya müharibələri dövründə minlərlə əlcəzairlini Fransa Silahlı Qüvvələrinin sıralarına kütləvi şəkildə səfərbər edib.
Əlcəzair Fransanın işğalı altında 130 ildən çox qalıb. 1962-ci ildə milli-azadlıq müharibəsi nəticəsində ölkə müstəqillik qazanıb.
Dekabrın əvvəlində Afrikanın bir sıra ölkələri 30 noyabr – 1 dekabr tarixlərində Əlcəzairdə keçirilən beynəlxalq konfransın yekunlarına dair bəyannamə qəbul ediblər. Bəyannamədə metropoliyalara müstəmləkəçilik keçmişinə görə rəsmi şəkildə günahlarını etiraf etmək və kompensasiya mexanizmlərinin hazırlanması çağırışı yer alıb.