Mart ayında iki mühüm bayram - Novruz və Ramazan bayramları qeyd olunacaq. Bu səbəbdən qeyri-iş günləri ardıcıl şəkildə düzülüb və insanlar üçün istirahət etmək, səyahətə çıxmağa kifayət qədər zaman yaranıb. Bu fürsətdən yararlanmaq istəyənlər həm ölkə daxilindəki regionlara, həm də xaricə səyahət etməyi planlaşdırırlar.
Bəs qiymətlər necə olacaq? Ötən illə müqayisədə istirahət üçün ciddi bahalaşma gözlənilirmi?
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov bildirib ki, bu il ardıcıl qeyri-iş günləri ilə əlaqədar olaraq insanlar əvvəlcədən səyahət planlarını qurmağa başlayıblar:
"Regionlarda fəaliyyət göstərən otellər bayram günləri üçün xüsusi kampaniyalar elan ediblər. Səyahət etməyi planlaşdıran insanlar əsasən iki qrupa bölünür: bir qismi ölkə daxilində istirahət etməyi üstün tutur, digərləri isə xaricə səfər etməyə hazırlaşır.
Turizm şirkətləri də bu fürsətdən yararlanaraq müxtəlif endirimli turlar təklif edirlər. Xaricə səyahət edənlər üçün ən çox Türkiyə və Gürcüstan kimi ənənəvi istiqamətlərlə yanaşı, Misir, Doha, Dubay, Maldiv Adalarına olan turlar geniş şəkildə təbliğ olunur. Bəzi istiqamətlər üzrə xüsusi endirimlər və daha sərfəli qiymətlər təqdim edilir ki, bu da turistlərin seçim imkanlarını artırır".
C.Aşırov nəzərəçarpacaq dərəcədə bahalaşmanın gözlənilmədiyini də açıqlayıb:
"Ölkə daxilində istirahət etməyi planlaşdıranlar üçün isə müxtəlif kampaniyalar nəzərdə tutulub. Otellər bir günlük qalmağı planlaşdıran qonaqlara əlavə bir gün bonus, yaxud əlavə xidmətlər təqdim edirlər. Ramazan ayının bu dövrə təsadüf etməsi isə müəyyən təsirini göstərir - oruc tutan insanların bir qismi aktiv səyahətlərdən çəkinərək istirahətlərini yaşadıqları şəhərdə keçirməyə üstünlük verirlər.
Qiymətlərə gəldikdə, ölkə daxilində turizm xidmətlərinin ötən illə müqayisədə ciddi şəkildə bahalaşması gözlənilmir. Həm yerli, həm də xarici turlara tələbat artsa da, kəskin qiymət artımı müşahidə olunmur. Bu isə vətəndaşların daha əlverişli şərtlərlə səyahət etməsinə şərait yaradır".