Ərazilərimizi “binokl”la müşahidə edən avropalı “kəşfiyyatçı”ların hərəkətləri qeydə alınıb
Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparıblar.
News365.az xəbər verir ki, Aİ müşahidəçiləri martın 7-də Qazax rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb. Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparıb. Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılıb. Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.
Yada salaq ki, Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən, Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Dövlət başçısı belə bir təsisatın qalmasının Azərbaycan-Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulamış və əlavə etmişdi ki, 2023-cü ildə “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Dövlətimizin başçısı “Binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə, Azərbaycanın Aİ ilə təmaslarında bu məsələnin qaldırılacağını dilə gətirmişdi. Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul etmək istəməyən Avropa İttifaqı (Aİ) destruktiv fəaliyyətini davam etdirir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə tələb olunan sülh, sabitlik və əməkdaşlıq mühitidir. Fransa başda olmaqla bir çox Aİ ölkələri isə açıq-aydın buna qarşı çıxır. 2023-cü ilin fevralında Aİ müşahidəçiləri Ermənistana yerləşəndə dedilər ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Lakin sonradan göründü ki, Aİ-nin niyyəti tam başqadır. Proseslərin gedişi göstərir ki, Aİ-nin “binokl diplomatiyası”nın bir neçə əsas məqsədi var. Birincisi, Aİ bu missiyadan Cənubi Qafqaza soxulmaq üçün istifadə edir. İkincisi, Ermənistanı öz təsirində saxlayır. Üçüncüsü, Rusiyanın Ermənistan üzərindəki təsirini zəiflədir. Dördüncüsü, mümkündür ki, Aİ bu missiya vasitəsilə Ermənistanı təhlükəsizlik təminatı verməklə yanaşı, həm də gizli təlimlər keçir. Hər halda Aİ-nin, o cümlədən onun əsas üzvlərindən biri olan rəsmi Parisin ritorikası bu ehtimal barədə düşünməyə əsas verir. Aİ-nin Ermənistandakı missiyasının mülki təyinatlı olmağını, konkret olaraq siyasi məqsədlərə xidmət etdiyini təsdiqləyən kifayət qədər fakt var. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib ki, bu missiya Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır. Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydləri”ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar. Bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.