"Ebola bütün orqanları zədələyə bilər"- Həkimdən vacib AÇIQLAMA

"Ebola bütün orqanları zədələyə bilər"- Həkimdən vacib AÇIQLAMA
15:40

Son günlər dünyada yenidən gündəmə gələn Ebola virusu ilə bağlı narahatlıqlar artmaqdadır. Mütəxəssislər xəstəliyin əlamətləri, yayılma səbəbləri və müalicə üsulları barədə məlumat verməyə davam edirlər.

Tibb Universitetinin dosenti, tanınmış həkim Aydın Əliyev News365.az-a açıqlamasında bildirib ki, müxtəlif virusların yaranmasına və yayılmasına təsir edən amillər arasında ekoloji problemlər xüsusi yer tutur.

Onun sözlərinə görə, hava və suyun çirklənməsi, müharibələr, radiasiya təsirləri, həmçinin keyfiyyətsiz qida məhsullarının istehsalı insan sağlamlığı üçün ciddi risklər yaradır və müxtəlif xəstəliklərin meydana çıxmasına zəmin hazırlayır.

Həkim qeyd edib ki, Ebola virusunun inkubasiya dövrü adətən 2 gündən 21 günə qədər davam edir. Bu müddətdən sonra xəstələrdə yüksək hərarət, güclü baş və əzələ ağrıları, halsızlıq, dəri səpkiləri, daxili və xarici qanaxmalar kimi əlamətlər müşahidə oluna bilər.

“Ebola virusu insan orqanizminin demək olar ki, bütün sistemlərinə təsir göstərir. Xəstəlik ağır keçdiyi hallarda ürək-damar sistemi, tənəffüs orqanları, qaraciyər və digər daxili orqanlarda ciddi fəsadlar yarada bilər”, – deyə Aydın Əliyev bildirib.

Mütəxəssis vurğulayıb ki, xəstəliyin müalicəsində əsas məqsəd orqanizmdə maye və elektrolit balansını qorumaq, eləcə də yaranan simptomların qarşısını almaqdır.

“Hazırda müalicə əsasən simptomatik şəkildə aparılır. Yəni yüksək hərarətin salınması, orqan zədələnmələrinin qarşısının alınması və xəstənin ümumi vəziyyətinin stabilləşdirilməsi istiqamətində tədbirlər görülür”, – deyə həkim qeyd edib.

Aydın Əliyevin sözlərinə görə, Ebola virusu ağır fəsadlar törədə bilən təhlükəli xəstəliklər sırasındadır və onunla bağlı profilaktik tədbirlərə ciddi əməl olunmalıdır.


Sizin reklam burada
Sizin reklam burada