Ölkə ərazisində müşahidə edilən küləkli və yağışlı hava şəraiti martın 24-dək davam edəcək. Bu barədə sinoptiklər xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və hərəkət iştirakçılarına müraciət edərək, hava şəraitinə uyğun olaraq daha diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi riayət etmələrini tövsiyə edib.
Xüsusilə, yağışlı və küləkli havalarda sürət həddinin hava şəraitinə uyğun seçilməsi, qəfil manevrlərdən və kəskin tormazlamalardan çəkinilməsi tövsiyə olunur. Bundan əlavə, sürücülərə zərurət olmadıqda ötmə əməliyyatı aparmamaq məsləhət görülüb.
Qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün düzgün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Bundan başqa, nəqliyyat vasitələrinin sürüşmə, uçulma, qırılma və aşma ehtimalı yüksək olan obyektlərdən uzaqda saxlanılması, park edilərkən qapalı məkanlara üstünlük verilməsi tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarından yolda təhlükəsizliyi təmin etmək üçün verilən tövsiyələrə əməl etmələrini xahiş edir.