Qlobal enerji bazarında və Yaxın Şərqdə baş verən son geosiyasi dəyişikliklər beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərməkdədir. Xüsusilə İran ətrafında yaranan gərginlik, Hürmüz boğazı ilə bağlı vəziyyət və böyük güclər arasında enerji maraqları dünya siyasətinin əsas müzakirə mövzularından birinə çevrilib.
Politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib ki, hazırda dünya enerji bazarında əvvəlki dövrlərlə müqayisədə ciddi dəyişikliklər müşahidə olunur.

Onun sözlərinə görə, Qərbin, xüsusilə ABŞ-ın qlobal enerji bazarındakı hegemon mövqeyi bir qədər zəifləyib və bu, yeni güc balansının formalaşmasına səbəb olub.
Politoloq qeyd edib ki, İran ətrafında gözlənilən hərbi ssenarilərin tam şəkildə reallaşmaması bölgədə vəziyyəti daha da mürəkkəbləşdirib. Onun sözlərinə görə, Hürmüz boğazı faktiki olaraq strateji nəzarət və təsir mübarizəsinin mərkəzinə çevrilib və bu amil dünya enerji daşımalarına birbaşa təsir göstərir.
Əhməd Şahidovun fikrincə, ABŞ və Qərb ölkələrinin bölgəyə dair planlarında əsas məqsədlərdən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub. Lakin hazırkı mərhələdə prioritetlər dəyişib və əsas diqqət Hürmüz boğazında təhlükəsiz və sabit nəqliyyat axınının təmin olunmasına yönəlib.
Politoloq bildirib ki, Hürmüz boğazının qismən və ya tam bağlanması dünya enerji bazarında ciddi böhran yarada bilər. Onun sözlərinə görə, bu səbəbdən ABŞ administrasiyası məsələyə daha praqmatik yanaşma sərgiləyir və boğazın açıq qalması əsas strateji hədəflərdən biri kimi çıxış edir.
Şahidov əlavə edib ki, Çin Xalq Respublikası da Hürmüz boğazının açıq qalmasında maraqlıdır. Çünki Çin dünyanın ən böyük neft idxalçılarından biri olaraq Körfəz ölkələrindən enerji resursları alır və bu marşrut onun üçün həyati əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ABŞ və Çin arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, Hürmüz boğazının təhlükəsizliyi məsələsində müəyyən ortaq maraqların formalaşması müşahidə olunur. Lakin bu, tərəflərin tam şəkildə eyni mövqedə olması anlamına gəlmir.
Politoloq vurğulayıb ki, Çin daha çox müharibə risklərinin azaldılması və İranla dialoq yolu ilə problemin həllinə üstünlük verir. Onun fikrincə, hazırkı mərhələdə əsas məqsəd bölgədə yeni hərbi eskalasiyanın qarşısını almaq və enerji bazarında sabitliyi qorumaqdır.
Əhməd Şahidov sonda qeyd edib ki, Yaxın Şərqdə vəziyyətin gələcək inkişafı həm qlobal enerji bazarına, həm də beynəlxalq siyasi balanslara birbaşa təsir göstərəcək və bu səbəbdən Hürmüz boğazı məsələsi yaxın dövrdə də gündəmdə qalacaq.