Direktor işdən çıxarıldı, amma məhkəmə onu bərpa etdi

Direktor işdən çıxarıldı, amma məhkəmə onu bərpa etdi
10:13

Şərur rayonunun Muğancıq Mehrab kənd məktəbinə yenidən direktor təyin olunan Sinduz Cəfərova bütün müəllim kollektivini polisə şikayət edib. 

News365.az xəbər verir ki, buna səbəb müəllimlərin onu kütləvi şəkildə boykot etməsi və narazılığı mətbuatda ictimailəşdirmələridir.

İddia edilib ki, Sinduz Cəfərova iki il əvvəl eyni məktəbdə direktor işləyərkən rüşvət və korrupsiya ittihamları ilə işdən çıxarılıb. Buna baxmayaraq, Təhsil Nazirliyi müəllimlərin etirazına məhəl qoymadan 24 noyabrda onu yenidən vəzifəyə qaytarıb.

Təyinatdan sonra müəllimlər və valideynlər dərsləri boykot edəcəklərini açıqlayıblar.

Müəllimlərin sözlərinə görə, bu çağırışdan dərhal sonra direktor polisə şikayət edib:

“Biz öz müraciətimizdə heç kimi təhqir etmədən narazılığımızı ictimaiyyətə çatdırmışıq. İndi bu müraciəti təşkil edənləri tapmaq üçün bizi sorğu-suala çəkirlər. Telefonlarımızı tələb edirlər ki, yazışmaları yoxlasınlar. Bunlar hamısı qanunsuzluqdur, bizim gözümüzü qorxutmaq üçündür. Biz sadəcə azad fikrimizi bildirmişik”.

Onlar bildirirlər ki, müraciət ictimailəşdikdən sonra həm yerli nazirlik, həm də rayon Təhsil Şöbəsi tərəfindən təzyiq daha da artıb:

“Bizi maddə ilə işdən çıxarmaqla, şiddətli töhmət verməklə hədələyirlər. Bu təzyiqlər şəxsən nazirin göstərişidir. Biz Sinduz Cəfərova ilə işləmişik, onu yaxşı tanıyırıq. Biz rüşvətxor, müəllim, şagird və valideynləri hər addımda aşağılayan və təhqir edən şəxsin yenidən bizə rəhbərlik etməsini istəmirik”.

Müəllimlər Təhsil Nazirliyinə müraciət edərək, etirazlarının nəzərə alınmasını tələb ediblər.

Məsələ ilə bağlı Naxçıvan Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, bəzi informasiya saytlarında və sosial şəbəkə səhifələrində Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbi ilə bağlı təhrif edilmiş, dezinformasiya tipli məlumatlar yayılıb:

“Şərur rayonu Muğancıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılıb, nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. 

Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə Qətnamə qəbul edilib.

Məhkəmənin Qətnaməsinə əsasən, 24 noyabr 2025-ci ildə Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib. Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb. 

Baş vermiş bu neqativ hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılıb. “Təhsilverənlərin etik davranış qaydaları”nı pozaraq tədris müddətində təhsilalanların təhsil hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən  məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb. 

Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində tədrisin təşkili, idarəetmənin qanunvericiliyə uyğun aparılması, əmək intizamı və s. kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Hazırda məktəbdə tədris prosesi təhsil müəssisəsinin Nizamnaməsinə, həmçinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir”.


Sizin reklam burada
Sizin reklam burada