Diplomatik korpusun Qarabağ səfəri: Həqiqətlərin dünyaya çatdırılmasında mühüm addım

Diplomatik korpusun Qarabağ səfəri: Həqiqətlərin dünyaya çatdırılmasında mühüm addım
11:30

“Azərbaycan dövləti öz ərazilərini erməni işğalından azad etdikdən sonra Qarabağ  və Şərqi Zəngəzurda  möhtəşəm quruculuq işləri həyata keçirilir. 30 illik işğal dövründə  həmin ərazilər tamamilə dağıdılıb, əsl vandalizm həyata keçirilib. Ona görə də, dövlətimiz üçün bu gün başlıca prioritet Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.

 

Deputat bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra xarici qonaqlar da bu ərazilərə mütəmadi səfərlər edirlər. Eləcə də, ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olurlar. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

 

Millət vəkilinin fikrincə, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin təşkil olunması bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşası baxımından da  mühüm əhəmiyyətə malikdir. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsi çox uğurlu addımdır. 44 günlük müharibədən əvvəlki dövrə qədər ermənilər ərazilərimizdə törətdikləri vəhşilikləri gizlədərək dünya ictimaiyyətini aldadırdılar. Lakin ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri gizlətmək imkanını itirdilər və indi onların 30 il ərzində etdikləri qeyri-insanı əməllər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

 

“Bu gün isə diplomatlar azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə də şahidlik edirlər. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr barədə məlumatlar əldə ediblər. Bütövlükdə, diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradır”,- deyə Samir Vəliyev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada