Din ixtilaf, mübahisə, cəmiyyəti çalxalamaq alətidir?- Tural İrfan yazır
Cəmiyyət
09:49
Əgər "İmamın 3-ü" günü fərqli əqidədə olan başqa bir idmançını digər inanca mənsub olan biri məsciddə alqışlasaydı bu saat onu "Aşura düşməni", "İmam Hüseyn düşməni", "vəhhabi", "sionist nökəri" deyə şərləyib qatı açılmamış söyüşlərlə təhqir edirdilər...
Ümumiyyətlə xurafat əhlinin istiqaməti belədir ki, istədiyin əməli istədiyin kimi icra et və onu sadəcə İmam Hüseynin matəmi ilə əlaqələndir, vəssalam. Kim də irad tutsa onu da dərhal şərlə ki, "Əhli Beyt düşmənisən", "dövrün Yüzidisən". Və məsciddə arxanda namaz qılananlara da işarə ver ki, sosial şəbəkələrdəki saxta hesabları ilə həmin adama ən əxlaqsız söyüşlərlə hücum etsinlər.
Belə İmam yası olur? İmamın fəzilətini təbliğ etmək, onun qəhrəmanlığından, şücaəti ndən, əxlaqından danışmaq əvəzinə bəziləri cəhaləti və xurafatı tənqid edən ziyalıları, ictimai xadimləri məscid minbərindən hədəfə alır, təhqir və şantaj edir. Bir neçə həddini aşmışlar var, məscid minbərindən sui-istifadə edərək əhali arasında dini ədavət yaradırlar. Vaxtında tədbir görülməlidir. Din ixtilaf, mübahisə, cəmiyyəti çalxalamaq aləti deyil. Din əksinə digər mövzularda baş verən mübahisələri yatırmaq, səbr, təmkin tövsiyə etmək vəsiləsidir. Lakin din adı ilə ortada olan bəzilərinin qanuna və hüquqazidd əməllərinin qarşısını almağın tam zamanı gəldiyini düşünürəm. Camaat bu mənzərədən ikrah edib ateist olur. Dinimiz bizim mənəvi dəyərimizdir. Bu dəyərin xurafat, mövhumat, cəhalət nümunələri ilə məhv edilməsinə yol verə bilmərik.