Dərsliklərdə yeni dövr: Qiymətləndirmə müsabiqə ilə olacaq + Təhsil ekspertindən AÇIQLAMA

Dərsliklərdə yeni dövr: Qiymətləndirmə müsabiqə ilə olacaq + Təhsil ekspertindən AÇIQLAMA
14:28

Təhsil eksperti Kamran Əsədov dərsliklərin keyfiyyətinin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinin müsabiqə yolu ilə seçilməsini Azərbaycan təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.

O, News365.az-a açıqlamasında bildirib ki, bu addım Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi şəffaflıq və məsuliyyət mexanizmlərinin məntiqi davamıdır:

“Uzun illər dərslik siyasəti mərkəzləşdirilmiş və məhdud ekspert rəyinə əsaslanan model üzərində qurulmuşdu. Bu, keyfiyyət və yenilənmə baxımından zəif nəticələr verirdi. Açıq müsabiqə modeli isə həm elmi-pedaqoji ekspertizaya ictimai etimadı artıracaq, həm də dərslik siyasətini dinamik və ölçülə bilən sistemə çevirəcək”.

Ekspertin sözlərinə görə, yeni sistem sayəsində hər dərsliyin elmi, metodik və dil baxımından ayrı-ayrı mütəxəssislər tərəfindən qiymətləndirilməsi mümkün olacaq ki, bu da obyektivliyin təminatına xidmət edəcək.

Kamran Əsədov bildirib ki, beynəlxalq təcrübədə — Finlandiya və Almaniya kimi ölkələrdə — dərsliklərin qiymətləndirilməsi müstəqil komissiyalar tərəfindən həyata keçirilir və bu praktika müəlliflərin məsuliyyətini artırır:

“Azərbaycanda da bu model tətbiq olunarsa, dərsliklərdəki fakt və məzmun səhvlərinin qarşısı vaxtında alınacaq, növbəti nəşrlər daha peşəkar hazırlanacaq. Eyni zamanda, müəllimlər və məktəb rəhbərləri üçün onlayn rəy platforması yaradılacaq ki, bu da istifadəçi təcrübəsinə əsaslanan qiymətləndirməni mümkün edəcək”.

Ekspert əlavə edib ki, yeni sistem büdcə səmərəliliyini və hesabatlılığı da artıracaq. Hazırda ölkədə 350-dən çox adda dərslik və metodik vəsaitin illik çapı üçün 25–30 milyon manat dövlət vəsaiti xərclənir.

“Belə bir sahədə keyfiyyət təminatı olmadan davam etmək həm maliyyə, həm də tədris baxımından risklidir. Bu mexanizm sayəsində sərmayənin nəticəsini ölçmək və optimallaşdırmaq mümkün olacaq”.

Kamran Əsədov hesab edir ki, dərslik ekspertizasının müsabiqə əsasında aparılması nazirliyin təhsildə keyfiyyətə nəzarət sistemini müasir idarəetmə modelinə uyğunlaşdırmaq istiqamətində mühüm addımdır:

“Bu, sadəcə dərslik islahatı deyil, tədris məzmunu və təhsil fəlsəfəsinin yenilənməsi üçün strateji dəyişiklikdir. Nazirlik müəllim sertifikasiyası və direktorların müsabiqə ilə seçilməsi kimi addımlardan sonra dərslik qiymətləndirilməsini də bu zəncirə daxil etməklə hesabatlılıq mədəniyyətini gücləndirir”.

Sonda ekspert vurğulayıb ki, bu dəyişiklik Azərbaycan təhsil sistemində normativ idarəetmədən keyfiyyətə əsaslanan idarəetməyə keçidin başlanğıcı olacaq və nəticədə dərsliklər tənqidi düşüncə və yaradıcılığı inkişaf etdirən dinamik resursa çevriləcək.


Sizin reklam burada
Sizin reklam burada