"Davos Forumu qlobal miqyasda iqtisadi sahədə ən nüfuzlu platformalardan biridir."
İqtisadiyyatçı Xalid Kərimli bunu News365.az-a açıqlamasında deyib.
"Bu forumda dünya liderləri, dövlət rəsmiləri və iri transmilli şirkətlərin rəhbərləri geniş miqyasda iştirak edirlər. Son forumda 60-dan çox ölkənin dövlət və hökumət başçıları birbaşa iştirak edib. Forum, adətən, ilin əvvəlində keçirilir və həmin ildə qarşıya çıxan çağırışlar, eləcə də hökumət rəhbərlərinin və dövlət başçılarının bu çağırışlara reaksiyaları müzakirə olunur. Burada dövlətlərin iqtisadi siyasətinin əsas konturları müəyyən edilir və qlobal iqtisadi problemlər ən yüksək səviyyədə müzakirə olunur. Forum, adətən, konkret qətnamələr və ya məcburi bəyanatlar qəbul etmir; əsas məqsəd yüksək səviyyəli müzakirə platforması təqdim etmək və qlobal iqtisadi inkişaf istiqamətlərini müzakirə etməkdir. Müxtəlif panel iclaslarında hökumətlərin və dövlətlərin nümayəndələri rəsmi mövqelərini ifadə edir və proseslərə münasibətlərini açıqlayırlar."
İtisadiyyatçı Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətindən danışıb:
"Azərbaycan üçün Davos İqtisadi Forumunda iştirak böyük əhəmiyyət kəsb edir. Çünki bu forumda dünyanın aparıcı biznes qüvvələri bir araya gəlir, və ölkəmiz üçün maraqlı layihələr müzakirə olunur. Forum, həmçinin yeni əlaqələrin qurulması və mövcud əməkdaşlıqların dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri enerji kommunikasiyaları baxımından Azərbaycanın Avropa və dünya üçün strateji əhəmiyyətini artırır. Bununla yanaşı, ölkəmiz bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir. Xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və bərpa olunan enerjinin Qara dənizin dibi ilə Avropa bazarına ixracı Azərbaycanın prioritetləri sırasındadır.
Azərbaycan qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də maraqlıdır. Ölkəmizdə bərpa olunan enerji sahəsində geniş investisiya imkanları mövcuddur və Azərbaycan birbaşa xarici sərmayələrin bu sahələrə yönəlməsini təşviq edir. Forum çərçivəsində dövlət başçısının iri şirkətlərin rəhbərləri ilə görüşləri həm iqtisadi əlaqələrin qurulmasına, həm də xarici investorların Azərbaycana sərmayə qoymasına töhfə verəcək.
Bundan əlavə, beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişləndirilməsi də ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan yaxın bir neçə il ərzində xarici dövlət borcunun idarə edilməsi siyasətini davam etdirmək niyyətindədir. Xüsusilə infrastruktur layihələri və iqtisadiyyatın diversifikasiyasına yönəlmiş layihələr üçün beynəlxalq maliyyə institutlarının ölkəmizə cəlbi prioritet məsələlər sırasındadır.
Davos İqtisadi Forumu nüfuzlu beynəlxalq iqtisadi tədbirdir və burada həm investorlarla görüşlər, həm qarşılıqlı əlaqələrin qurulması, həm də iqtisadi inkişafın müxtəlif aspektlərinin müzakirəsi üçün geniş imkanlar mövcuddur."