Ukrayna hərbçiləri son sutka ərzində kopter tipli pilotsuz təyyarələrdən istifadə etməklə altı hücum həyata keçirib və Zaporojye Atom Elektrik Stansiyasını (AES) ərazisinə, Enerqodar qəsəbəsinə topdan iki artilleriya zərbəsi endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
Nazirliyin məlumatına görə, bütün pilotsuz uçuş aparatları hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və ya radioelektron mübarizə sistemləri ilə məhv edilib. Hücumlar nəticəsində tələfat və dağıntı olmayıb.
“Zaporojye AES-in kollektivi adi qaydada işləməyə davam edir, AES yaxınlığında radiasiya vəziyyəti normaldır”, - deyə nazirliyin məlumatında qeyd edilib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural