Çin hakimiyyəti ümid edir ki, Ukraynadakı münaqişənin bütün tərəfləri davamlı və uzunmüddətli sülh ilə həll yolu tapa biləcəklər. Xarici KİV-in yaydığı məlumata görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinq zamanı bildirib.
“Biz müvafiq hesabat və mesajlara diqqət yetirmişik . Çin Ukrayna böhranının ilk günündən dialoq və danışıqların tərəfdarı olub, eyni zamanda siyasi həll yolu axtarıb",- o qeyd edib.
Bundan əlavə, Nin martın 14-də Çin, Rusiya və İran arasında nüvə problemi ilə bağlı görüş keçiriləcəyini açıqlayıb. O qeyd edib ki, danışıqlar zamanı İran problemi ilə yanaşı, dövlətləri maraqlandıran digər məsələlər də qaldırılacaq.
Xatırladaq ki, martın 11-i Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp da buna cavab olaraq müəyyən jestlər edib. O, Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.
Tural