"Bu dövlətlərii maraqlandıran məsələlərdir və onların əraziləri ilə bağlı məsələlər müzakirə olunur. Lakin hesab edirəm ki, əgər Ermənistan və Azərbaycan razılığa gələcəksə və Ermənistanın arxasında dayanan qüvvələr də onu dəstəkləyəcəksə, Rusiyanın və İranın buna mane olmaq imkanları yoxdur."
Bu sözləri News365.az-a politoloq Oqtay Qasımov deyib.
"İran, əslində, bir formada Zaxarovanın da qeyd etdiyi kimi Rusiya ilə tərəfdaşlıq memorandumu imzalayıb və Cənubi Qafqazda təhlükəsizlik məsələlərində bir-birilərinə dəstək verərək üçüncü qüvvələrin bölgəyə gəlməsinə qarşı çıxırlar. Ancaq bu, sadəcə bir anlaşmadır, razılaşmadır.
Lakin biz əməldə nəyi görürük? İranın səfiri bir neçə gün öncə bildirdi ki, onlar Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinə qarşı deyillər və bunu heç bir təhlükə kimi görmürlər. Onlar ABŞ və Fransa hərbi kəşfiyyatçılarının Ermənistanda fəaliyyət göstərməsinə də ciddi etiraz etmirlər. Fransa Zəngəzurda konsulluq açıb və bu da İranı ciddi narahat etmir, çünki İran Ermənistandan müəyyən təminatlar alır.
Bu halda belə çıxır ki, əgər həqiqətən də beynəlxalq qüvvələr tərəfindən dəstəklənən Ermənistan Azərbaycanla bu məsələdə razılığa gələcəksə, Rusiyanın bunu pozmağa imkanları hələlik yetərli deyil və İran tərəfindən də buna ciddi bir müqavimət göstərilməyəcək.
Təbii ki, İran çox istəyir ki, bu yol, əslində, onun ərazisindən keçsin. Yəni Zəngəzur dəhlizinə paralel olaraq, İran ərazisindən Naxçıvana gedən yol açılmasını istəyir və İran da bundan faydalansın. Çünki İranın burada iki məqsədi var: biri siyasi, digəri isə iqtisadi maraqlardır."