Qəddafinin oğlu barədə QƏRAR VERİLDİ

Qəddafinin oğlu barədə QƏRAR VERİLDİ
19 Okt 2025 22:58

Bu gün vicdanım rahat şəkildə deyirəm: ilahi ədalət, nəhayət, öz axarına düşməyə başlayıb. Uca Allahdan diləyirəm ki, İmam Musa Sədrin və onun iki müşavirinin ailələrinə uzun illərdir çəkdikləri iztirabdan sonra ürəklərinə bir az sakitlik gətirəcək bir parça həqiqət nəsib etsin. Həqiqət, zaman nə qədər keçsə də, heç vaxt unudulmur.


News365.az xəbər verir ki, bunu Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi Livan məhkəməsinin onu 10 il həbsdə saxladıqdan sonra azadlığa buraxmaq barədə qərarına münasibət bildirərkən sosial şəbəkə hesabında yazıb.


Hannibal Qəddafi 2015-ci ildə siyasi sığınacaq aldığı Suriyadan qaçırılaraq Livana təhvil verilib. O, 1978-ci ildə Liviyada itkin düşmüş şiə din xadimi İmam Musa Sədrin taleyi ilə bağlı məlumatları gizlətməkdə ittiham olunur. Vəkil İnas Harrakın sözlərinə görə, 10 ildir həbsxanada saxlanılan 50 yaşlı Hannibal Qəddafinin təqsirini sübut edən heç bir fakt təqdim olunmayıb.


Hannibal Qəddafi atasının hakimiyyəti dövründə ölkənin neft ixracına nəzarət edib. 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra münaqişə zonasını tərk edərək Əlcəzairə, sonradan isə Suriyaya sığınıb.


Qeyd edək ki, İmam Musa Sədr 1978-ci ilin avqustunda Liviya inqilabının ildönümü tədbirlərinə qatılmaq üçün Tripoliyə dəvət edilib. Roma Papası ilə görüşmək üçün Vatikana səfərə hazırlaşan din xadimi Müəmmər Qəddafi ilə görüşdən sonra iki müşaviri ilə birlikdə yoxa çıxıb.


Sizin reklam burada
Sizin reklam burada