İranda etirazlar genişlənir: sosial narazılıqlardan iqtisadi və siyasi tələblərə

İranda etirazlar genişlənir: sosial narazılıqlardan iqtisadi və siyasi tələblərə
08 Yan 2026 17:14

İranın bir sıra şəhərlərində yenidən alovlanan etiraz aksiyaları regionda siyasi bərabərlik və təhlükəsizlik balansına dair suallar yaradıb. 

Mütəxəssislər hesab edir ki, bu dəfəki proseslər əvvəlki etirazlardan fərqli olaraq həm daxili sosial narazılıqlardan, həm də regional geopolitik gərginlikdən qidalanır. Bu vəziyyət həm İranın gələcəyi, həm də Yaxın Şərqdə formalaşan yeni güc xəritəsi baxımından diqqət mərkəzindədir.

Politoloq Eldar Cəfərov News365.az-a İranın müxtəlif şəhərlərində baş verən son etirazların təkcə daxili sosial narazılıqlarla bağlı olmadığını, prosesin regionun gələcək siyasi nizamına da təsir göstərə biləcəyini bildirib. 

Onun sözlərinə görə, kütləvi etirazlar İran üçün yeni deyil, lakin bu dəfə situasiya fərqli xüsusiyyətlər daşıyır.

Ekspert deyib ki, etirazların ilkin mərhələsində sosial problemlər ön planda idi, lakin qısa müddət ərzində prosesə iqtisadi və siyasi tələblər də əlavə olunub. Cəfərov qeyd edib ki, bu, aksiyaların motivlərinin genişləndiyini və narazılığın daha dərin əsaslara söykəndiyini göstərir.

Politoloq həmçinin qeyd edib ki, regionda paralel baş verən proseslər – Misirdə şahzadənin səfəri, ABŞ prezidenti Donald Trampın çıxışı, Netanyahu ilə görüşlər və regional diplomatik dinamika fonunda İran etirazlarının miqyası daha geniş kontekstdə qiymətləndirilməlidir.

“İran etirazlarının koordinasiya və təşkilatlanma səviyyəsi əvvəlkilərlə müqayisədə kifayət qədər fərqlənir. Bu dəfə həm iştirakçıların coğrafiyası, həm də aksiyaların davamlılığı baxımından yeni vəziyyət yaranıb”, – deyə ekspert vurğulayıb.

Cəfərov əlavə edib ki, etirazların arxasında Qərb dairələrinin dayanması barədə müzakirələr hər zaman olub, lakin hazırkı mərhələdə prosesin daxili sosial gərginlikdən qaynaqlandığını qəbul etmək lazımdır.



Sizin reklam burada
Sizin reklam burada