2023-cü ildən etibarən media subyektlərinin media fəaliyyəti üzrə əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri və dövlət tərəfindən verilən maddi yardımlar vergidən azad edilib. Həmçinin bu vergi güzəştlərinin müddəti 2026-cı il yanvarın 1-dən etibarən daha 3 il uzadılıb.
Bununla yanaşı, Azərbaycanda 2019-cu ildən qüvvədə olan və özəl sektorda çalışanlar üçün tətbiq edilən gəlir vergisi üzrə güzəşt müddətinin 2026-cı il yanvarın 1-də başa çatması muzdlu işdən aylıq gəlir əldə edən fiziki şəxslərin gəlir vergisi öhdəliklərinin yeni qaydada formalaşmasına səbəb olub.
Bu dəyişikliklər media sahəsində çalışan jurnalistlər və digər əməkdaşlar arasında suallar yaradıb. Ən çox müzakirə olunan məqam isə media subyektlərinə tətbiq edilən vergi azadolmalarının media qurumlarında çalışan şəxslərin əməkhaqqı gəlirlərinə şamil olunub-olunmamasıdır.
News365.az-ın məlumatına görə, məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, media subyektləri üçün nəzərdə tutulmuş vergi güzəştləri yalnız media fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə şamil olunur. Yəni, bu azadolmalar media subyektlərinin sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri gəlir (mənfəət), o cümlədən reklam gəlirləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən maddi yardımlar üçün nəzərdə tutulub.
Qurumdan vurğulanıb ki, media subyektlərində çalışan jurnalistlərin və digər əməkdaşların əməkhaqqı gəlirləri isə dəyişməz olaraq gəlir vergisinə cəlb edilir. Bu sahədə hər hansı yeni azadolma və ya güzəşt tətbiq olunmur. Media subyekti özəl sektorda fəaliyyət göstərirsə, əməkhaqqı üzrə gəlir vergisi aşağıdakı dərəcələrlə hesablanır:
• aylıq gəlirin 2500 manatadək olan hissəsindən – 3 faiz,
• 2500–8000 manat arası olan hissəsindən – 10 faiz,
• 8000 manatdan yuxarı olan hissəsindən – 14 faiz.
“Media subyektlərinə tətbiq edilən digər vergi güzəştləri — yəni VÖEN-i olan media subyektlərinin sahibkar kimi əldə etdikləri gəlirlərin (mənfəətin) və media məhsullarının təqdim edilməsinin vergidən azad edilməsi — əməkhaqqı gəlirlərinə aid deyil.
Belə ki, media məhsullarının təqdim edilməsinə tətbiq olunan ƏDV azadolması, habelə gəlir (mənfəət) vergisi üzrə güzəştlər yalnız media subyektlərinin fəaliyyəti nəticəsində formalaşan gəlirləri əhatə edir və işçilərin əməkhaqqının vergiyə cəlb olunmasına təsir göstərmir” -məlumatda qeyd edilib.