ABŞ ilə Danimarka arasında Qrenlandiya məsələsi fonunda yaranan yeni diplomatik gərginlik NATO daxilində təhlükəsizlik mexanizmlərinə dair suallar yaradıb. Mütəxəssislərə görə, bu proses alyansın ənənəvi güc balansını dəyişdirə və təşkilatın təhlükəsizlik arxitekturasını yenidən gündəmə gətirə bilər.
Politoloq Zaur Məmmədov News365.az-a ABŞ–Danimarka–Qrenlandiya xətti üzrə yaranan son gərginliyin NATO daxilində yeni situasiya formalaşdırdığını bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət beynəlxalq münasibətlər sistemindəki boşluqlardan yararlanmaq cəhdlərini aydın şəkildə göstərir.
Zaur Məmmədov xatırladıb ki, Danimarkanın rəsmi şəxsləri ABŞ-ın Qrenlandiya ilə bağlı mümkün addımlarının NATO-nun 5-ci maddəsi və təşkilatın ümumi ruhu ilə ziddiyyət təşkil edə biləcəyini açıqlayıb. Politoloqa görə, bu bəyanatdan sonra ABŞ administrasiyası və Dövlət Departamenti mediada fərqli informasiya fonu yaratmağa çalışıb və prosesi NATO-nun müqavilə müddəalarına zidd addım kimi təqdim etməyib.
Ekspert hesab edir ki, NATO daxilində bu cür gərginliklərə daha əvvəl də rast gəlinib. O, xüsusilə Türkiyə–Yunanıstan xəttindəki qarşıdurmaları xatırladaraq qeyd edib ki, bu, alyans üçün yeni hal deyil. Lakin Məmmədovun fikrincə, Danimarka və Grinlandiya məsələsi fərqli xarakter daşıyır.
“Danimarkanın NATO-ya qəbulunun kökündə ABŞ-ın Avropa dövlətlərinə təhlükəsizlik təminatı verməsi dayanırdı. İndi isə elə bir mənzərə yaranır ki, NATO-nun təhlükəsizlik zəmanətini təmin edən əsas dövlət kimi ABŞ alyans daxilində müəyyən ölkələrin təhlükəsizliyi üçün risk faktoru kimi görünür”, – deyə politoloq vurğulayıb.
Politoloq əlavə edib ki, bu proses ümumilikdə NATO daxilində güc balansının yenidən qiymətləndirilməsi fonunda baş verir.