İtaliyanın məşhur turizm şəhəri Venesiya turist sıxlığının qarşısını almaq məqsədilə 5 avroluq giriş haqqını yenidən tətbiq edir.
News365.az xəbər verir ki, qərar şəhər rəhbərliyi tərəfindən Venesiyanın tarixi və mədəni irsinin qorunması məqsədilə qəbul edilib.
Qeyd edək ki, bu rüsum ilk dəfə 2024-cü ilin aprelində sınaq olaraq tətbiq olunmuşdu. İyul ayında başa çatan sınaq müddətindən sonra, giriş haqqı sabah – 18 aprel 2025-ci ildən etibarən yenidən qüvvəyə minəcək.
Bu ilki tətbiqdə əsas yenilik ondan ibarətdir ki, səfərə son anda – yəni üç gündən az vaxt qalmış bilet alan şəxslər giriş haqqını ikiqat ödəyəcəklər.
Venesiya, dünyada giriş rüsumu tətbiq edən ilk böyük turizm şəhəri kimi tanınır. Ötən il şəhərə 29 gün ərzində təxminən 440 min turist daxil olub və bu, şəhərə 2,4 milyon avro gəlir qazandırıb.
Rüsum 5 avro olaraq qalacaq və onlayn şəkildə ödənilə biləcək. Lakin Venesiyada gecələyən turistlər, 14 yaşdan kiçik uşaqlar, yerli sakinlər, şəhərdə işləyən və ya təhsil alan şəxslər bu ödənişdən azad ediliblər.
Xatırladaq ki, 2023-cü ildə Venesiya və onun ətraf bölgəsi rekord sayda – 3,9 milyondan çox turist qəbul edib. Ümumilikdə isə hər il şəhəri təxminən 30 milyon insan ziyarət edir