Baş prokuror akademiyada mühazirə oxudu - FOTOLAR

Baş prokuror akademiyada mühazirə oxudu - FOTOLAR
18 Apr 2025 18:55

Baş prokuror Kamran Əliyev aprelin 18-də Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar” mövzusunda mühazirə oxuyub, məhkəmədə və cinayət mühakimə icraatının gedişində süni intellektin imkanlarından istifadə olunmasına toxunub.

O, 2021-ci ildən etibarən Baş Prokurorluqla Milli Aviasiya Akademiyası arasında qurulan əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdiyini və yeni məzmunla zənginləşdiyini bildirib.

Baş prokuror rəqəmsallaşmanın hüquq sahəsində yaratdığı imkanlar və qarşıya çıxan çağırışlar barədə geniş məlumat verib. O, Baş Prokurorluq tərəfindən rəqəmsallaşma ilə əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi məqsədilə qanun layihəsi hazırlanaraq müzakirə olunması üçün aidiyyəti üzrə təqdim edilib. Layihədə Cinayət-Prosessual Məcəlləsinə elektron formada sübutların toplanması, kompüter məlumatlarının sübut kimi qəbul edilməsi və mühafizəsi, kompüter sisteminə baxış, axtarış və götürülməsi, elektron cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi, eləcə də digər əlavə və dəyişikliklərin təklif olunduğu bildirilib. Vurğulanıb ki, bu təkliflər müasir texnologiyaların hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi və effektivliyinin artırılmasını hədəfləyir.

Baş Prokuror həmçinin "Elektron məhkəməyədək icraat" informasiya sisteminin təsis olunması ilə bağlı təkliflə çıxış edərək bildirib ki, bu sistem cinayət-prosessual fəaliyyətin bütün mərhələlərini rəqəmsal mühitdə həyata keçirərək, istintaq və təhqiqat orqanlarının fəaliyyətinin şəffaflığını artıracaq, prosesin sürətini və səmərəliliyini yüksəldəcək, eyni zamanda cinayət prosesinin iştirakçılarına öz hüquq və vəzifələrini operativ şəkildə yerinə yetirmək imkanı yaradacaqdır.

Mühazirə zamanı həmçinin 2023-cü ilin aprel ayından tətbiq olunan “Elektron Prokurorluq” informasiya sisteminin prokurorluq orqanlarında iş proseslərinin rəqəmsallaşdırılması, idarəetmədə çevikliyin və şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, eləcə də cinayət işlərinin məhkəmələrə elektron formada operativ və səmərəli şəkildə göndərilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Bununla yanaşı, mühazirənin gedişində məhkəmədə və cinayət mühakimə icraatının gedişində süni intellektin imkanlarından istifadə olunması, bu sahədə xarici ölkələrin təcrübəsi məsələlərinə də toxunulub.


Sizin reklam burada
Sizin reklam burada