Ukaynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Yeni Klinikaya Zaxarenkov Valeriy Nikolayeviçin 29 iyul 2024-cü ildə aparılan müayinələrinin nəticəsi ilə bağlı göndərilən sorğuya cavabın gəldiyi bildirilib.
Məlum olub ki, müayinələr zamanı zərərçəkəndə açıq yara və dirsəy sümüyünün sınığı müşahidə edilib.
Həmçinin prosesdə Dövlət Sərhəd Xidmətinə Zaxarenkov Valeriy Nikolayeviçin Azərbaycana giriş-çıxış tarixlərinin əldə olunması üçün göndərilən sorğunun cavabları da elan edilib. Bildirilib ki, bu məlumatların əldə olunması üçün göndərilən sorğuda təqsirləndirilən şəxsin fərdi məlumatları düzgün qeyd edilməyib.
Həmçinin prosesdə Konstantin Kuçerin vəkili məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, tərəflər arasında barışığın əldə olunması üçün danışıqlar gedir.
Müdafiəçinin vəsatəti mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olub:
"Real borc müəyyən edilmədiyi üçün tərəflər arasında münaqişələr yaranır. Həmin borcu müəyyən etmək üçün mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Bizim adi hesablarımıza görə, 2019-2022-ci ilə qədər şirkətlə bağlanan bütün müqavilələr icra olunub. Bu illər ərzində müqavilə üzrə dövriyyə 3 milyon həcmində müəyyən edilib. Əgər Konstantin Kuçerin dələduzluq etmək məqsədi olsaydı, bunu MDB məkanında deyil, İspaniyada edərdi".
Həmçinin təqsirləndirilən Konstantin Kuçerin vəkili deyib ki, Əmanətlərin Sığortalanması Fondu müvvəkilinin ləğv edilmiş Günay bankda olan vəsaitinin zərərçəkən şirkətlərə köçürülməsinə hazırdır.
Məhkəmə vəkil Elşad Əliyevin mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətini təmin etməyib.
Növbəti proses aprelin 25-nə təyin olunub.
Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.
İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.
Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.