Herpesə qarşı peyvənd edilmiş insanlarda ürək-damar xəstəlikləri riski 23% azalır. Üstəlik, bu cür müsbət effekt səkkiz ilədək davam edə bilər. Belə bir qənaətə Kyunq Hee Universitetinin (Cənubi Koreya) alimləri gəliblər. Araşdırmanın nəticələri “European Heart Journal”da dərc olunub.
Genişmiqyaslı tədqiqatda yaşı 50 və daha yuxarı olan 1,27 milyondan çox Cənubi Koreya vətəndaşı iştirak edib. 2012-ci ildən bəri elm adamları onlardan "varicella" virusunun zəifləmiş forması olan herpes əleyhinə peyvənd olunanları xüsusi olaraq izləyiblər. Əldə edilən məlumatlar yaş, cins, gəlir və həyat tərzi kimi amillər nəzərə alınmaqla ürək-damar sağlamlığının göstəriciləri ilə müqayisə edilib.
Nəticələr göstərib ki, peyvənd ürək-damar xəstəliklərinin ümumi riskini 23, insult və infarkt riskini 26, eləcə də ürək çatışmazlığını 26, ümumi işemik xəstəlikləri riskini isə 22% azaldır.
Ən aydın effekt peyvənddən sonra ilk iki-üç ildə müşahidə edilib. Lakin xəstəlikdən qismən qorunma səkkiz ilə qədər davam edib. Peyvənd xüsusilə kişilərə, 60 yaşdan aşağı insanlara və qeyri-sağlam həyat tərzi keçirənlərə - siqaret çəkənlər, spirtli içki qəbul edənlər və ya oturaq həyat tərzi keçirənlərə güclü təsir göstərib.
Tural