Ekvador hökuməti 10 il ərzində özünün ilk nüvə reaktorunu istismara verməyi hədəfləyib.
Bu barədə ölkənin Ətraf Mühit və Energetika Nazirliyi məlumat yayıb.
Qurum bəyan edib ki, Ekvadorda ölkənin nüvə proqramının icrası ilə məşğul olacaq xüsusi orqan yaradılacaq.
"Bu orqan nüvə proqramına cəlb olunmuş bütün dövlət qurumlarının qarşılıqlı fəaliyyət göstərəcəyi qurumlararası koordinasiya platformasına çevriləcək və təxminən yaxın on il ərzində Ekvadorun ilk nüvə reaktoru olan "RNE1"in istismara verilməsinədək prosesin texniki rəhbərliyini öz üzərinə götürəcək", - məlumatda deyilir.
Nazirlik qeyd edib ki, Ekvador artıq "digər ölkələrin və nüvə sahəsindəki aparıcı şirkətlərin marağını" müşahidə edir.
"Nüvə proqramının icrası orta və uzunmüddətli perspektivdə təmiz və sabit elektrik enerjisi istehsalı üçün nüvə texnologiyalarının, o cümlədən modulyar reaktorların milli enerji təchizatı sisteminə strateji əlavə kimi tətbiqi imkanlarını qiymətləndirməyə şərait yaradacaq", - deyə qurum əlavə edib.