"Bu, nəticəyə hesablanmış, ciddi hazırlanmış görüşdür” - Rasim Musabəyov

"Bu, nəticəyə hesablanmış, ciddi hazırlanmış görüşdür” - Rasim Musabəyov
10 İyl 2025 14:39

"Bu, nəticəyə hesablanmış, ciddi hazırlanmış görüşdür”

Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında keçiriləcək növbəti görüş barədə danışıb. O bildirib ki, bu görüş hansısa təsadüfi xalq tədbiri və ya ayaqüstü söhbət deyil, əksinə, ciddi şəkildə hazırlanmış və konkret nəticəyə hesablanmış danışıqlardır.

Deputatın sözlərinə görə, sülh imzalanmasa belə, mühüm addımların atılması mümkündür:

“Gözləyirəm ki, bu görüşdə xarici işlər nazirləri artıq razılaşdırılmış mətnin hər səhifəsini imzalaya bilər və qalan məsələlərin mərhələli həlli üçün bir yol xəritəsi müəyyən olunar. Buraya ATƏT-ə birgə müraciət, Minsk Qrupunun fəaliyyətinə rəsmi olaraq son qoyulması, Ermənistan Konstitusiyasına dəyişikliklər və yeni konstitusiyanın qəbulu daxildir. Bütün bu məsələlərin vaxta bağlanması gözlənilir”.

Rasim Musabəyov həmçinin vurğulayıb ki, sülh müqaviləsinin imzalanması ilə yanaşı, ratifikasiya prosesləri də dəqiqləşdirilə bilər.

Deputat Zəngəzur dəhlizi məsələsinə də toxunub: “Zəngəzur dəhlizinin bərpası ilə bağlı ciddi müzakirələr gözlənilir. Burada təhlükəsizlik necə təmin olunacaq, maniyəsiz keçid necə həyata keçiriləcək – bu kimi məsələlər mübahisə doğura bilər. Amma əsas məsələ budur ki, keçidin reallaşması üçün konkret infrastruktur olmalıdır və bu infrastrukturun böyük hissəsi artıq Azərbaycan tərəfindən hazırdır”.

Onun fikrincə, Ermənistanda da müvafiq qərarların verilməsi, layihələrin işlənməsi, tenderlərin keçirilməsi və işlərin başlanması vacibdir:
“Hər bir halda mən gələcəyə nikbin baxıram. İrəli getmək üçün vəziyyət yetişib və əvvəlki hazırlıqlar da bu prosesə şərait yaradıb”, – deyə deputat əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada