Hörmüz boğazı ətrafında mümkün blokada ilə bağlı müzakirələr beynəlxalq səviyyədə ciddi narahatlıq doğurub.
Çin tərəfi İran limanlarının blokadaya alınması ehtimalına sərt reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, belə addımlar regionda gərginliyi daha da artıracaq və mövcud atəşkəs razılaşmalarını zəiflədə bilər.
Onun sözlərinə görə, bu cür qərarlar həm də beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizliyinə ciddi risk yaradır və “məsuliyyətsiz addım” kimi qiymətləndirilməlidir.
Çin XİN rəsmisi həmçinin ABŞ mediasında yayılan, Pekinin İrana hərbi texnika göndərməsi ilə bağlı iddiaları təkzib edib və bunu “tamamilə uydurma” adlandırıb. O bildirib ki, belə məlumatların yayılması siyasi məqsədlərə xidmət edə bilər.
Bununla yanaşı, Donald Trampın Çin mallarına qarşı yeni tariflərlə bağlı xəbərdarlığı da gərginliyi artıran amillər sırasında qeyd olunur.
Pekin tərəfi isə Vaşinqtonun əlavə iqtisadi təzyiqlərini davam etdirməsi halında qətiyyətli əks tədbirlər görəcəyini açıqlayıb.
News365.az