Bu yollarla haqqa çatmağa cəhd etmək İslamın metodu deyil- Tural İrfan yazır

Bu yollarla haqqa çatmağa cəhd etmək İslamın metodu deyil- Tural İrfan yazır
09:26
Ən pisi, pisdən pisi odur ki, fərqli, mütərəqqi fikir söyləyəni söyməklə, hədələməklə, şantaj və böhtana məruz qoymaqla susdurmaq istəyir xurafat əhli. Savadla, qarşı tərəfi utandırıcı əxlaqı, elmi, təfəkkürü ilə deyil...
Bir neçə ateist, aqnostik, deist gənc rastıma çıxır sosial şəbəkələrdə. Çox da savadlıdırlar. Dünyəvi elmlərlə yanaşı dini kitabları da mükəmməl bilirlər. Fikirlərini bölüşür, inanclı adamlarla müzakirələr, elmi bəhslər edirlər. Şərh yerlərinə baxanda Sabirin, Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin, Üzeyir bəyin nələr çəkdiyini düşünürəm. Eyni mənzərə bu gün də davam edir.
Adamları təhdid və təhqir edir, açıq mətnlə ağır söyüşlərlə söyürlər. Ateistə Allahın varlığını söyüşlə, hədə ilə "sübut etmək" istəyirlər.
Amma Quranda buyurulur ki, Allahın izni olmadan bir yarpaq belə yerə düşməz. Demək hər şey ilahi nizama və hikmətə əsaslanır. Elə bu ateistlərin meydana çıxması da. İnanclı adamların sınağı üçündür o ateistlər. Yəni özünü dindar adlandıran təbəqənin beynini, ağlını, savadını sınağa çəkmək, hərəkətə gətimək üçün Allah tərəfindən göndəriliblər ki, möminlər də elmlə, məntiqlə cavab versinlər, dinin haqq olduğunu savadları ilə sübut etsinlər, xurafatdan əl çəkib təhsilə yönəlsinlər.
Dünyada hər şey ağ olsaydı həyat mənasız olardı. Müxtəlif rənglər, fərqli düşüncələr, fərqli inanclar var. Ateistlər məcbur edir ki, dindarlar fəlsəfə, məntiq, kimya, fizika, astronomiya, biologiya, anatomiya öyrənsinlər ki, onlarla mübahisə edə bilsinlər.
Orta əsrlərdə müsəlmanların fəlsəfəyə meyl etməsinin və ağıl, məntiqə əsasən ilahi həqiqətləri sübut etməyə can atmasının ilk səbəbkarı xristian alimləri olub. Əməvilər dövründə Yuhanna əd Diməşqi "İslama rəddiyyə" adlı əsər yazaraq məntiqlə Quranın, İslamın əleyhinə fəlsəfi fikirlər ortaya atmışdı. Bu sualların, zahirən ziddiyyətli mövzuların cavabını rəvayətlərlə vermək mümkün deyildi. Odur ki, artıq Abbasilər dövrünə keçiddə elmi, ağılı, fəlsəfəni önə sürən, nəticədə böyük elmi irs ortaya qoyan Cəbriyyə, Cəhmiyyə, Mürciə, Mötəzilə cərəyanları təşəkkül tapdı. İslam əqaidini digər dinlər və ateizm qarşısında elmi cəhətdən müdaifə edən Kəlam elmi sistemini yaratdılar. Nəticədə Əşəri, Maturudi kimi kəlam alimləri də bu cığırla gedərək inanc sistemlərini qurdular və dini mətnlərlə yanaşı həm də elmi, fəlsəfi, məntiqi dəlillərlə sübutlar təqdim etməyə başladılar.
Ona qədər müsəlmanlar çaşdırıcı suallar qarşısında ya rəvayət nəql edir, ya da bu sualların şeytan tərəfindən vəsvəsə edildiyini deyərək Allaha sığınmağı əmr edir, ən pis halda da qarşı tərəfi mürtəd, kafir elan edirdilər.
İslamda ilk elmi cərəyanın yaranmasına səbəb Yuhanna Diməşqinin çaşdırıcı sualları olmuşdu. O, Quranda Quranın Allahın kəlamı olduğunun qeyd olunduğunu, eyni zamanda Həzrət İsanın da kəlimətullah (Allahın kəliməsi) olduğunun yazıldığını nümunə gətirib sual qoyurdu ki, necə olur deyirsiniz Quran əzəlidir, amma İsa əzəli deyil. Əgər İsanın əzəli olmasını qəbul etmək şirkdirsə o zaman Quranın əzəli olmasını demək də şirkdir. Beləcə Quranın sonradan yaradılmış yoxsa Allahla bərabər əzəli olması mübahisəsi üzərindən müsəlmanlar cavab axtarmağa başladı, nəticədə Əbülhüzeyl Əllaf, Nəzzam, Şəhham, Cahiz kimi fikir adamları, filosoflar, Kəlam alimləri yetişdi, Abbasilər tərəfindən "Darul hikmət" Hikmət evi akademiyası yaradıldı, yunan, Hind fəlsəfəsi tərcümə olundu. Hansı ki, bu cığırla Əl Kindi, Fərabi, İbn Sina, İbn Rüşd kimi dahilər də addımlayacaqdı.
Xilafətin ən parlaq dövrü, elm, tərəqqi, mədəniyyətin inkişaf etdiyi zaman da məhz bu qısa zaman oldu. Məmun və Mötəsim zamanından sonra yenidən üstünlük rəvayət əhlinə, xurafatçılara keçdi, mütəfəkkirlər saraydan qovuldu, əsərləri yandırıldı, sürgün edildilər. Cahiz kimi alimlər acından palçıq yeyərək öldü.
"Şeytan ayələri" kitabına görə Xomeyni Salman Rüşdiyə ölüm fitvası çıxardı. Nəticədə dünyada o qədər də tanınmayan müəllif həmin fitva sayəsində cahanda məşhur oldu. Həmin kitabı milyonlarla tirajda nəşr olunub dünyaya yayıldı. Nə qədər adam da Xomeyninin sayəsində maraqla həmin kitabı tapıb oxudu və İslamdan çıxdı. Salman dünyanın ən varlı yazıçısına çevrildi. ABŞ onun həyatını qorumaq üçün xüsusi mühafizə xidməti təşkil etdi, hələ də yaşayır.
Amma bircə müctəhidin ağlına gəlmədi, yaxud dünyəvi savadı çatmadı ki, ölüm fitvası heç nəyi həll etmir. Salmanı öldürsəniz də kitabını, fikirlərini dünyadan yığışdıra bilməyəcəksiniz. Sadəcə onun ortaya atdığı, o qədər də tutarlı olmayan şübhələrini elmi, fəlsəfi yöndən çürüdən bir təkzib yazıb yaymaq lazım idi. Kitaba güllə ilə cavab vermək o deməkdir ki, Salmanın ortaya atdığı fikirlər qarşısında aciz qalınıb ki, ona ölüm fitvası verilib. Məhz bu marağa görə də Salmanın kitabı dünyada misilsiz dərəcədə yayıldı və çoxsaylı adamlar oxuyub "kafir" oldu. Amma hələ də Salmanın kitabına rəddiyyə olaraq tutarlı cavab yazan alim yoxdur. Sadəcə axtarırlar ki, tapıb öldürsünlər. Amma Salmanın yaydığı şübhələri elmlə, fəlsəfə ilə, məntiqlə öldürmək olardı. Fiziki cəhətdən onun özünü məhv etməklə deyil.
İndi bu ənənə ilə gedənlər ortaya bir ateist çıxan kimi ona elmlə, fəlsəfə ilə, məntiqlə cavab verib, həqiqəti sivil yolla sübut etməyə çalışmaq əvəzinə söyüş, təhqir, şantaj və böhtanla, təhdidlə onu susdurmağa çalışırlar.
Hamı deyir, Quranda hər şey var. Amma ortaya çıxara bilmir. Çünki çoxunun elmi, savadı yoxdur. Sən ateisti elmlə yox, hədə ilə fikrindən döndərməyə çalışırsan, o da bu faktı əlində əsas tutub dinin də məhz bu cür qılınc, zor gücünə yayıldığını iddia edir. Demək ateistlərin çoxunu dindən dindarlar çıxarır. Onların cahilliyi, mənfi əməlləri çıxarır.
Heç olmasa düşünmürlər ki, Allah 114 surəlik kitabı niyə göndərib? Elə 114 qılınc göndərərdi ki, harda mənə inanmayan varsa bununla boynunu vurun. Quran başdan ayağa dialoq, misallar, hər kəsin ağıl səviyyəsinə, dövrünə uyğun nəsihətlər, ibrətlər, hikmətlərlə doludur.
Ona görə də mömin, inanclı adam başqa inancda olanlara, həmçinin inancsızlara qarşı yalnız elmlə, məntiqlə sübut gətirə bilər. Savadsızlıqla savadlı olmağı, əxlaqsızlıqla əxlaqlı olmağı heç kəsə əmr etmək olmaz. Batil yollarla haqqa çatmağa cəhd etmək də İslamın metodu deyil.
Elmlə meydana çıxana elmlə cavab vermək lazımdır, söyüşlə yox. Əgər qəbul etməsə Quranda deyildiyi kimi: "Sizin inancınız sizə, bizim inancımız da bizədir." - deyərək xoşluqla ayrılmaq lazımdır.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada