İşlədiyim
müəssisədə uzun müddətdir müşahidə edirəm ki, həftə ərzində ara-sıra yanğın
siqnalizasiyası ya uşaqlar tərəfindən, ya da öz-özünə işə düşür. Problemin ən
ciddi tərəfi isə ondan ibarətdir ki, siqnalizasiyanı söndürmək üçün nəzərdə
tutulmuş aparat birinci mərtəbədə yerləşən sinif otağının içindədir. Bu isə o
deməkdir ki, siqnalizasiyanı söndürmək lazım gəldikdə sinif otağına daxil olub
dərs prosesini pozmaq məcburiyyəti yaranır. Daha təhlükəli məqam isə həmin
sinifdə olan şagirdlərin siqnalizasiyanı özlərinin də söndürə bilməsidir. Məsələn,
liseydə real yanğın baş verdiyi təqdirdə belə, bunun fərqinə varılmaya bilər.
Çünki siqnalizasiya işə düşdükdə şagirdlər bunu rahatlıqla söndürürlər. Nəticədə
rəhbərlik də müəllimlər də bunun yalançı siqnal olduğunu düşünərək heç bir təhlükəsizlik
tədbiri görmürlər. Ümumilikdə nə dövlət məktəblərində, nə də özəl liseylərdə
yanğın təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər keçirilmir. Nə müəllimlərə, nə
də şagirdlərə yanğın zamanı hansı çıxışlardan istifadə edilməli olduğu izah
olunmur. Halbuki ildə ən azı iki dəfə yanğın təhlükəsizliyi üzrə praktiki təlimlər
keçirilməlidir. Şagirdlər və müəllimlər təhsil müəssisəsində yanğın baş verdikdə
ən azından nə etməli olduqlarını bilməlidirlər.
Bu
yaxınlarda müəssisədə kanalizasiya xətlərinin tutulması ilə bağlı problem
yaranmışdı. Səbəb kimi isə bəzi qız şagirdlərin gigiyenik qaydalara riayət etməməsi
göstərildi. Liseyin kanalizasiya sisteminin açılması üçün fəhlələrə külli
miqdarda vəsait xərclənməsinin qarşısını almaq məqsədilə akt zalında bütün qız
şagirdlər yığılaraq, ginekoloq tərəfindən aparılmalı olan söhbətlər pediatr tərəfindən
gigiyenik qaydalar mövzusunda tədbir formasında keçirildi. (Hansı mövzunu kim tərəfindən
izah olunmasını da bilmirlər. Lakin qeyd etmək istəyirəm ki, gigiyenik
qaydalara riayət etmək hər bir insanın tərbiyəsindən asılı olan məsələdir. İstənilən
qədər bu cür tədbirlər keçirilsə belə, əgər insanda daxili məsuliyyət və tərbiyə
yoxdursa, bu qaydalara əməl edilməyəcək.
Əsas
və həyati əhəmiyyət daşıyan məsələ isə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə
tədbirlərinin keçirilməsidir. Ən azından müəllimlərə qaz balonlarının düzgün
açılıb-bağlanma qaydaları, yanğın zamanı şagirdlərin hansı çıxışlardan və hansı
ardıcıllıqla təxliyə olunmalı olduğu öyrədilməlidir.
İnsan
övladının tarix boyu qurduğu bütün sistemlərin mərkəzində bir sual dayanıb:
“Biz gələcək nəsli necə qoruyuruq?” Əgər bu sualın cavabı qeyri-müəyyəndirsə, nə
mədəniyyətdən, nə də təhsildən danışmaq olar. Çünki təhsil insanın yaşamaq
haqqı üzərində inşa edilir, onun əvəzinə yox. Bu gün bəzi təhsil ocaqlarında təhlükəsizliyə
laqeyd yanaşma təkcə texniki problem deyil. Fəlsəfə bizə öyrədir ki, insan
dünyaya “təhlükəsiz deyil” hissi ilə baxmağa başlayanda, artıq o insan azad
düşünə bilmir. Tomas Hobbs insanın qorxu içində yaşadığı cəmiyyəti “hamının
hamıya qarşı müharibəsi” adlandırırdı. Bu gün təhlükəsiz olmayan məktəb uşağın
şüurunda miniatür xaos dövləti yaradır. Uşaq məktəbə gələndə valideynlə cəmiyyət
arasında görünməz bir müqavilə bağlanır: “Biz sənə ən qiymətli varlığımızı
etibar edirik.” Əgər məktəb bu etibarı təhlükəsizliklə doğrultmursa, orada təhsil
yox, xəyanət var. Platon “Dövlət” əsərində deyirdi: “Cəmiyyətin gələcəyini
formalaşdıran, uşağın ilk gördüyü qaydalardır.” Əgər o qaydalar laqeydlikdirsə,
gələcək də laqeyd olacaq. Müasir psixologiya bir həqiqəti dəfələrlə sübut edib:
təhlükə hiss edən beyin öyrənmə rejimini bağlayır. Uşaq daim: qəfil siqnallar
eşidirsə, nə baş verdiyini anlamırsa, böyüklərin nə edəcəyini bilmirsə, onun
beynində kortizol (stress hormonu) artır. Bu isə: diqqətin dağılmasına,
yaddaşın zəifləməsinə, emosional donuqluğa səbəb olur. Travma həmişə
partlayışla olmur. Bəzən travma təkrarlanan səhlənkarlıqdır. Belə uşaqlar böyüyəndə:
təhlükəni ya normallaşdırır, ya da məsuliyyətdən qaçır, ya da hər şeyə şübhə ilə
yanaşır. Cəmiyyət isə sonra soruşur: “Niyə bu nəsil aqressivdir, niyə
etibarsızdır?” Cavab məktəbin divarlarında gizlidir.
İslam
fəlsəfəsində insan canı əmanətdir. Qurani-Kərimdə açıq buyurulur: “Bir insanı
xilas edən bütün insanlığı xilas etmiş kimidir.” (Maidə surəsi-32) Bu ayə təkcə
qətli qadağan etmir. O, laqeydliyi də ittiham edir. Peyğəmbər (s.ə.s) buyurur:
“Hər biriniz çobansınız və hər biriniz öz sürünüzdən məsulsunuz.” Məktəb-Lisey
rəhbəri, idarəçi, direktor hamısı bu məsuliyyətin altındadır. Uşağın təhlükəsizliyi
təmin edilmədən aparılan hər fəaliyyət dini baxımdan da haqqsızdır. Tarix göstərir
ki, böyük faciələrdən sonra insanlar eyni cümləni qurur: “Kaş ki, vaxtında tədbir
görərdik.” Avropada məktəb yanğınları, Asiyada təhlükəsiz olmayan təhsil
binalarında baş verən zəlzələlər, Amerikada məktəblərdə psixoloji təhlükəsizliyin
pozulması hamısının kökündə idarəetmə məsuliyyətsizliyi dayanıb. Tarix heç vaxt
qəfil olmur. Faciələr öncədən xəbər verir, sadəcə qulaq asan olmur. Məktəb cəmiyyətin
güzgüsüdür. Bir cəmiyyətin əxlaqını öyrənmək üçün qanun kitablarına baxmağa
ehtiyac yoxdur. Məktəblərinə baxın. Əgər məktəbdə: təhlükəsizlik formal
xarakter daşıyırsa,
məsuliyyət
ötürülürsə, problem gizlədilirsə, orada yetişən nəsil də eyni şeyi edəcək. Bu
qaçılmazdır. Təhsil sisteminə yazılmamış, amma dəyişməz bir qanun var: Uşaq
özünü güvəndə hiss etmirsə, heç nə öyrənməz.
Təhlükəsiz
məktəb — lüks deyil.
Məsuliyyət
— seçim deyil.
Uşağın
həyatı — statistika deyil.
Əgər bu gün məktəbdə təhlükəsizlik ikinci plandadırsa, sabah təhsil də ikinci planda olacaq, insan da. Çünki elm qorxu üzərində yox, etibar üzərində çiçəklənir.
Həsən Nağıyev, filosof