Bu gün hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqları tamamilə məhdudlaşdırılır.
News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təhdidlər həmişə insanı inkişafa doğru sövq edən amillərdəndir:
"Əvvəlki dövrdə olan çətin vəziyyətə düşmək ehtimalı da var. Qadınların imkanlarının mərhələlərlə məhdudlaşmasını unutmaq olmaz. Bu gün hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqlarının tamamilə məhdudlaşdırılması reallıqlarını görürük. Odur ki, təhdidləri açıq şəkildə müzakirə etməyə ehtiyac var".
Nazir bildirib ki, bu gün daha çox qız müxtəlif pillələrdə təhsilə cəlb olunur:
"Bu da gələcək anaların təhsilli olması haqqında müsbət fikir olacaq. Bir neçə statistik göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün üç dəfə daha çox gənc təhsil alır. Təhsil alanlar arasında gənc xanımların sayının artması savadlı anaların ailələrin olması deməkdir".
E.Əmrullayev həmçinin vurğulayıb ki, ibtidai təhsil səviyyəsində ənənəvi olaraq qızların oxu bacarıqları oğlanlardan daha yüksəkdir:
"Lakin sonrakı mərhələdə oğlanlar həmin göstəricini üstələyir. Bu da yəqin yeniyetməlik dövründəki sosial məhdudiyyətlərlə əlaqəlidir. Amma yenə bunu araşdırmaq lazımdır".