Bu cəmiyyət istedadlı insanlardan niyə qorxur?- Tural İrfan yazır

Bu cəmiyyət istedadlı insanlardan niyə qorxur?- Tural İrfan yazır
09:28
Beş kresloda birdən oturanlar əjdaha suyun qabağını kəsdiyi kimi qarşımızı kəsib imkan vermir ki, Allahın verdiyi, bu Vətənin bizə bəxş etdiyi istedadı, potensialı üzə çıxaraq, xalqa - millətə, dövlətə daha böyük töhfələr verək. İctimai birlik yaradıb 17 il çalışdıq, müraciət etdik, qeydə almadılar. Qəzet açıb 15 il fəaliyyət göstərdik vəsait ayırmadılar. Yazdıq - yaratdıq çap edə bilmədik. İş istədik, iş vermədilər. 20 il fəhləlik etdik. Elmi dərəcə almaqdan məhrum etdilər. Hələ əsas problemləri etik qaydalara görə yazmıram. İran - Rusiya agentləri METO şəbəkəsində birləşib dövlətçi, milli düşüncəli adamları çürütdülər. Ömrümüz ağır sosial problemlər içərisində hədələrə sinə gərməklə, sosial şəbəkələrdə söyülməklə keçdi.
Türkiyədə FETÖ çətəsinin başında duran şəxs sıradan çıxarılsa da hələ də onun fəsadları, təsirində olanlar var, yeni əlaqələr, imkanlar uğrunda çalışır, yenidən fürsət axtarırlar. Bizdə də Ramiz Mehdiyevin həbsi onun yaratmış olduğu institutun, ənənənin dərhal yox olması anlamına gəlmir. Bacarıqlı, istedadlı, yaradıcı, vətənpərvər adamların kölgədə saxlanması, küsdürülməsi, sındırılması məhz onun metodu idi. Görünür onun fəaliyyəti fiziki cəhətdən məhdudlaşdırılsa da qoyduğu təsir davam edir, kölgə adamlar pərdə arxasından onun ideyalarının yaşaması uğrunda çalışırlar.
O, digər sahələr kimi mətbuata, elm sahəsinə də əl qoymuşdu...
FETÖ şəbəkəsi ilə bir çox məsələlərdə ortaq xüsusiyyətləri olan METO şəbəkəsi, üzvü olan savadsız, quru, şablon, rüşvətxor adamlarının meydan sulamasına münbit şərait olsun deyə qabiliyyətli, istedadlı, yaradıcı, amma kasıb, arxasız adamları sıradan çıxardı, mənəvi cəhətdən məhv etdi. Bir çox adamlara adlar, evlər, titullar istedad, bacarıq və dövlətə xidmətlərinə görə deyil, Ramiz Mehdiyevə sadiq olduqlarına görə yaxud onun şəbəkəsinə xidmət etdiyinə görə verilirdi. Təəssüf ki, həmin ölçülər, meyarlar və ənənələr bu gün də davam edir.
Səlcuqlu dövlətinə qarşı terror və dağıdıcılıq fəaliyyəti həyata keçirən fars şüubiyyəsinin dövrə uyğun təzahürü olan batini Həşşaşilərinin başçıları Hulaku Xan tərəfindən zərərsizləşdirilib Ələmut qalası dağıdıldıqdan sonra həşşaşilər bütün İslam aləminə yayıldılar, onların başçısı fiziki cəhətdən sıradan çıxsa da ideologiyaları, fəaliyyətləri, təsirləri çökmədi. Hətta bu günə qədər gəlib çatdı. Çünki onlar gizli fəaliyyət göstərir, təqiyyə metoduna əməl edirdilər. Onların fiziki məhvi ideoloji məhvinə gətirib çıxarmadı. Halbuki vacib olan, sistemin, mahiyyətin aradan qaldırılması idi. Hazırda METO şəbəkəsinin üzvləri, təsirində olanlar da eyni üsulla yarpaq altındakı qarışqa kimi fəaliyyətdədirlər. Hətta Mehdiyevi tənqid də edirlər...
Mətbuatla bağlı son hadisələr, Ramiz Mehdiyevin metodunun hələ işlək olduğunu sübut etdi. Yenə qohumbazlıq, yerlibazlıq, tərəfkeşlik, hamısını öz qabağına çəkmə, narazılıq yaratma, özünə - kresloya arxayınlıq, başqalarını çıxdaş etmə ənənəsi davam edir.
Çünki istedadlı, bacarıqlı adamların üzə çıxarılması bu şəbəkənin təsirindəki qabiliyyətsizləri arxa plana keçirə bilər. Odur ki, mümkün qədər istedadlı adamların potensialının, bilik və qabiliyyətlərinin üzə çıxmasına imkan verilmir, əksinə problemlər yaradılır ki, qoy başları ancaq sosial problemləri ilə uğraşmağa qarışsın, biz də beş kresloda birdən oturub rahatca yeyib talayaq...
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada